AZ

Qahirədə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib

Qahirə, 28 aprel, AZƏRTAC

Qahirədə “Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və milli institutların yaradılması (media institutları nümunəsində)” mövzusunda seminar keçirilib. Tədbir Azərbaycanın Qahirədəki səfirliyi və Misirin “Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilib.

Seminar Prezident İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Hivar” Fondunun sədri Həmdi Ləbib Azərbaycan-Misir əlaqələri, konstitusiyanın hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafında əhəmiyyətli rolu barədə danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin və bununla da Konstitusiyada qeyd edilmiş suverenliyimizin bütün ərazilərimiz üzərində bərpasının İslam dünyasında müsbət qarşılandığını bildirib.

Süveyş Universitetinin beynəlxalq hüquq və politologiya üzrə professoru Heysəm İmran Azərbaycan Konstitusiyasının tarixi, bölmələri və ona edilmiş dəyişikliklər barədə təqdimatla çıxış edib.

Tədbirdə çıxış edən səfir Elxan Poluxov diqqətə çatdırıb ki, Azərbaycan Konstitusiyası xalqımızın azad iradəsini, dövlət müstəqilliyinin hüquqi əsaslarını və vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas sənəddir. Bildirilib ki, İslam Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində dövlətin Əsas Qanununu qəbul edə bilməsə də, bütün mühüm milli institutları yaratmış, İslam Şərqində ilk dəfə olaraq qadına seçmək hüququ vermişdir.

Səfir qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümumilli Lider Heydər Əliyevin tapşırığı ilə Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradılıb. Müstəqil Azərbaycanın ümumxalq müzakirəsi ilə qəbul edilmiş ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını qoyub. Növbəti illərdə Konstitusiyaya edilmiş dəyişikliklər bu əsasları daha da möhkəmləndirib, vətəndaşların hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizmlər yaradılıb. Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə suverenliyimiz tam bərpa olundub.

Daha sonra çıxış edən AZƏRTAC-ın Misir üzrə xüsusi müxbiri Şıxəli Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) başda olmaqla, medianın ölkədə milli institutların möhkəmlənməsində rolundan danışıb. AZƏRTAC-ın inkişaf tarixinə toxunan Ş.Əliyev agentliyin dünya mediası ilə əlaqələrindən və süni zəka əsrində qarşıya çıxan çağırışlardan bəhs edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

Tədbir Misir mətbuatında geniş işıqlandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
4
azertag.az

1Mənbələr