Hindistan-Pakistan sərhəd nəzarət xəttində vəziyyət gərginləşir. Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələri tam döyüş hazırlığına gətirilib. Toqquşmalar atıcı silahlarla davam edir və tədricən nəzarət xəttinin yeni sahələrinə yayılır. Xüsusilə Lipa-Velli, Nilum və Samxani sektorlarında döyüş əməliyyatları qeydə alınıb. Bəs tərəflər arasında mövcud gərginliyin yenidən pik həddə çatması böyük müharibəyə səbəb ola bilərmi? Nəzərə alsaq, hər iki tərəf nüvə ölkəsidir. İki ölkənin qarşıdurması böyük təlafata səbəb ola bilərmi?
Bu barədə Moderator.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Pakistan ölkəmizlə dost və müttəfiq olan, hər zaman dəstəyini hiss etdirimiz bir ölkədir. Odur ki, indi dost bir ölkənin Hindistanla müharibə vəziyyətinə gəlib çatması bizi dərindən narahat edir:
“Məlum olduğu kimi nüvə silahına malik iki qonşu 1947-ci ildən Kəşmirlə bağlı münaqişə halındadırlar və münasibətlərin indi yenidən gərginləşməsi regional sabitliyi və nüvə silahına malik qonşular arasında münasibətlərin gələcəyini ciddi təhlükə altına alır. Hindistanın sayca dünyanın beşinci ordusu olması, Pakistanın isə döyüş başlıqlarının sayına görə altıncı nüvə dövləti olması baş verə biləcək müharibənin necə ağır nəticələrə gətirib çıxara biləcəyini ehtimal etməyə imkan verir. Düşünürəm ki tərəflərin hər ikisinin nüvə silahına malik olması genişmiqyaslı müharibə üçün çəkindirici faktor ola bilər. Əvvəllər də olduğu kimi Hindistan tərəfindən Pakistan nəzarətində olan və formal olaraq terrorçuların infrastrukturlarına qarşı hansısa məhdud aviazərbələr endirilə və Pakistan tərəfindən də buna raket zərbələri ilə cavab verilə bilər”.
Politoloq vurğulayıb ki, iki ölkə arasında bu şəkildə gərginliyin avtomatik olaraq regionda enerji, təhlükəsizlik və ticarət layihələrinin gələcəyini də böyük sual altına qoyduğunu, baş verə biləcək müharibənin ABŞ, Çin və Rusiya kimi ölkələrin bölgəyə münasibətinə və strateji maraqlarına təsir göstərəcəyini nəzərə alaraq demək olar ki, biz qısa vaxtdan sonra adı çəkilən ölkələrin, BMT-nin, eyni şəkildə Körfəz ölkələrinin də tərəflər arasında gərgin münasibətləri dayandırmaq üçün hərəkətə keçəcəyinə şahidlik edə bilərik:
“Çinin Pakistanın, ABŞ-ın isə Hindistanın mütəffiqi olması da bu məsələdə supergeclərin öz mövqelərini ortaya qoyacağını deməyə əsas verir. Çünki indiki halda müharibə ABŞ-ın maraqlarına cavab vermir. Suriyadan öz qoşunlarını çıxaran və ümumiyyətlə hərbi xərcləri azaltmaq üçün yollar axtaran ABŞ üçün yeni müharibə əlverişli deyil. Üstəgəl ortada hələ də davam edən ABŞ-İran gərginliyi olduğu vaxtda. Buraya Pakistaınn təkcə Çinlə deyil, NATO-nin ikinci böyük gücü olan Türkiyə ilə də müttəfiq olmasını və eləcə də Böyük Britaniya ilə əlaqələrini də əlavə etsək deyə bilərik ki, ABŞ maksimum şəkildə bu müharibənin genişlənməməsi üçün səylərini səfərbər edəcək. Çinin də öz növbəsində indiki mərhələdə müharibəni tətikləyəcək mövqe sərgiləyəcəyinə inanmıram. Çünki bu, dolayısıyla ABŞ-ın maraqlarına xidmət edə və ABŞ Çinin zəiflədilməsi üçün Hindistandan proksi qüvvə olaraq istifadə yolu seçə bilər”.
R.Bayramovun sözlərinə görə, müxtəlif güclər tərəflər arasında gərgin münasibətləri yumşaltmaq üçün hərəkətə keçəcək:
“Çünki əks halda bu gərginlik tammiqyaslı müharibəyə, açıq hərbi toqquşmalara gətirib çıxara bilər ki, bu da nüvə silahından istifadəyə səbəb ola bilər. Bu isə bütün dünya üçün fəlakətdir. Odur ki, vasitəçilərin prossesə müdaxilə ehtimalı kifayət qədər yüksəkdir”.
Mehin Mehmanqızı