Rusiya aprelin 28-nə keçən gecə Ukrayna qüvvələrinin buraxdığı 115 pilotsuz təyyarəni vurduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarələrdən 102-si Bryansk vilayətində vurulub, 1 nəfər ölüb.
Digər PUA-lar Krımda, Kursk, Belqorod vilayətlərində və Qara dəniz üzərində vurulub.
Bryansk vilayətinin rəhbəri Aleksandr Boqomaz bildirib ki, “Ukrayna silahlı qüvvələrinin güclü hücumu” nəticəsində bir mülki şəxs həlak olub, daha bir sakin yaralanıb. O əlavə edib ki, Ukrayna silahlı qüvvələrinin hücumu mülki obyektlərə və infrastruktura da ziyan vurub.
Rusiyanın Leninqrad vilayətinin Kirişski və Volxovski rayonlarında daha iki PUA məhv edilib. Regionun rəhbəri Aleksandr Drozdenkonun sözlərinə görə, ölən və xəsarət alan olmayıb. Aprelin 28-i səhər saatlarında Sankt-Peterburqun Pulkovo hava limanında uçuşlar dayandırılıb.