Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Özbəkistanın bir-neçə aparıcı radio və televiziya kanallarında sözügedən mövzu ilə bağlı verilişlər efirə gedib.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə Özbəkistana səfər etmiş hüquq elmləri doktoru, professor Mais Əliyev sözügedən ölkədə bir-neçə aparıcı KİV-in qonağı olub. Ölkənin tanınmış televiziya kanallarından olan “Toshkent TV”nin “Salam Daşkənd” və “102 FM” radiosunun “Cəmiyyətlə söhbət” verilişlərində qonaq olan professor M.Əliyev, proqramlarda “Konstitusiya və suverenlik”, Azərbaycan və Özbəkistan Konstitusiyaları tarixi, suverenlik, sosial və mədəni hüquq məsələləri və s. mövzulardan söz açıb. Sözügedən verilişlərin aparıcıları ilə söhbətlərində Azərbaycan dövlətinin suverenliyi, konstitusiyada yer alan müddəalar haqqında geniş məlumat verən professor M.Əliyev Azərbaycan Konstitusiyasını Özbəkistan Konstitusiyası ilə müqayisəli şəkildə şərh edərək hər iki ali qanun toplusunun əksər maddələrinin demək olar ki, eyni olduğunu da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə Özbəkistanda səfərdə olan professor Mais Əliyev bundan əlavə ali təhsil ocaqlarında “Konstitusiya və Suverenlik” mövzusunda mühazirələr oxuyub, sözügedən mövzu ilə əlaqədar təşkil edilmiş tədbirlərdə də iştirak edib.