AZ

"Hər üç komanda çempion ola bilər" - "Baku Fire" "Araz-Naxçıvan"la oyuna hazırlaşır

"Baku Fire" futzal üzrə yüksək liqanın 15-ci tur matçında "Neftçi"yə uduzdu (4:5) və ən yaxın izləyicisi, U-19-u böyük hesabla (15:1) məğlub edən "Araz-Naxçıvan" liderliyə yüksəldi.

"Football-plus.az" məğlubiyyətin səbəblərini araşdırmaq və növbəti turda yenidən lider olmaq məqsədilə "qırmızı-ağlar"a qarşı keçirəcəkləri oyun haqda fikirlərini öyrənmək məqsədilə "Baku Fire"ın baş məşqçisi Teymur Eyvazovla əlaqə saxlayıb:
"Neftçi"ylə matçda qələbə qazanıb liderliyi davam etdirmək niyyətindəydik. Bu məqsədlə yaxşı oyun sərgilədik. Ancaq rəqib də bunu bacardı. Deyərdim ki, hər iki komanda qalib gəlməyə layiq idi. Təəssüf ki, sevinən tərəf biz olmadıq. Döyüş davam edir. Qarşıda əsas rəqiblərlə oyunlar var. "Araz-Naxçıvan" və "Neftçi" ilə yenə qarşılaşacağıq. Çempion bu oyunların nəticəsinə əsasən bəlli olacaq. Hər üç komanda çempion ola bilər. Bu üzdən son turların çox gərgin keçəcəyini düşünürəm. Turnir cədvəlindəki durum bunu göstərir. Hazırda bütün gücümüz, diqqətimiz "Araz-Naxçıvan"la matça yönəlib. Qalib gəlmək üçün rəqibdən daha istəkli olmalıyıq. Mövsümün ən yaxşı oyununu göstərməliyik. Komandamın potensialına inanıram".
Bu arada Teymur Eyvazov iki oyundu komandanı meydana özü çıxarmır. Mütəxəssisdən bunun səbəbini də soruşduq:
"Bəli, oyun günü komandamın "sükanı arxasında" ola bilmədim. Səbəb UEFA-nın Moskva şəhərində keçirdiyi "Futsal B" seminarı idi. Tədbir məhz həmin gün baş tutdu və orda iştirak edib imtahan verdim. Komandanı meydana köməkçim Elvin Quliyev çıxardı. Matçın videosuna baxdım və futzalçılarımdan razı qaldım".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Baku Fire" oyunu mayın 1-i, saat 14.00-da "Olimpik Star"da keçiriləcək.

KƏNAN BAHADIR
Seçilən
4
50
football-plus.az

10Mənbələr