Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib. Onu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Hazırda isə İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü davam edir.
Maraqlıdır, bu görüşdən gözləntilər nələrdir?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinin iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələ olduğunu bildirib.
Onun sözlərinə görə, bu səfər regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək və hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir.
Ekspert qeyd edib ki, İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir:
“İkitərəfli ticarət dövriyyəsi sürətlə artmaqddır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb. Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Lakin, yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır. İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrndə mühüm əməkdaşlığı əhatə edir”.
E.Əmirov nəzərə çatdırıb ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir:
“2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır. Lakin hesab edirəm ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər”.
O, həmçinin əlavə edib ki, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər.
Ekspert xüsusi vurğulayıb ki, 2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək. Bu həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər.
Firuzə Əliyeva