Türk dövlətləri ticarət dövriyyəsini artırmaq üçün ilk növbədə öz aralarında ticarət əlaqələrinin güclənməsinə fokuslanmalıdırlar.
Bu sözləri “vergiler.az”a millət vəkili Cavanşir Feyziyev deyib.
O bildirib ki, əlaqələr təkcə ticarətlə məhdudlaşmır və hər bir türk dövləti ayrı-ayrılıqda həm təbii resurslarla, həm də insan resursları ilə olduqca zəngindir: “Bu, insanlararası, cəmiyyətlərarası münasibətləri daha da intensivləşdirir və canlandırır. Bütün bunlar isə türk birliyinə gedən yolda atılması vacib olan addımlardır”.
Millət vəkilinin sözlərinə görə, türk dövlətlərində istehsal olunan mallar və məhsullar dünyanın müxtəlif ölkələrinə göndərilir: “Amma biz maraqlıyıq ki, türk dövlətləri ilk növbədə öz aralarında ticarət münasibətlərini gücləndirsinlər və nəticədə ticarət həcmini artırsınlar. Ona görə də biz ticarətimizi ilk növbədə türk dövlətləri ilə planlaşdırmalıyıq. Əgər türk geosiyasi regionu ərazisində yerləşən dövlətlərdə bizim axtardığımız mal istehsal edilmirsə, yalnız o zaman türk dövlətlərindən kənara çıxmağa ehtiyac yaranmalıdır”, - C.Feyziyev qeyd edib.