BAKI, 28 aprel. TELEQRAF
Prezident Məsud Pezeşkianın səfərinin əsas məqsədi İran və Azərbaycan arasında siyasi münasibətlərin dərinləşdirilməsidir.
Teleqraf xəbər verir ki, bu fikirləri İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Vəli Dadaşi səsləndirib.
Onun sözlərinə görə, sözügedən səfər həm də on dördüncü hökumətin qonşu və region ölkələri ilə əlaqələrin gücləndirilməsinə ciddi sadiqliyini nümayiş etdirir.
"İranın ən böyük sərvəti onun qonşularıdır və yeni hökumət bu sərvətdən daha səmərəli istifadə etmək niyyətindədir", - Dadaşi vurğulayıb.
O qeyd edib ki, səfər çərçivəsində iqtisadi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanacaq, sərhəd-keçid, iqtisadi sahələrdə investisiyalar və dəmir yolu sahəsində mövcud əməkdaşlıq müzakirə olunacaq.
Sədr müavini İranla Azərbaycanın ortaq mədəni, dini və tarixi dəyərlərə malik olduğunu xatırladaraq, bu amillərin Tehran-Bakı münasibətlərinin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Vəli Dadaşi əlavə edib ki, Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti nəzərə alınaraq, İran daim bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasına önəm verir.