AZ

Həkimlərin cinayət işi: Fermada xəsarət alan şəxs xəstəxanada öldü – Bölmə müdiri şahidə nə təklif etdi?

BAKI, 28 aprel. TELEQRAF

Ağcabədi rayon Mərkəzi Xəstəxanasının əməliyyat bölməsinin müdiri Həbib Məmmədov və reanimasiya şöbəsinin müdiri Ruhəngiz Kərimbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Həbib Məmmədov və Ruhəngiz Kərimbəylinin xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyiblər.

Onların göstərdikləri qüsurlu tibbi xidmət Qırımxan Qasımovun ölümü ilə nəticələnib.

Həmçinin cinayət məsuliyyətindən azad olmaq məqsədilə Həbib Məmmədovun iş üzrə şahidi pulla ələ almasına əsaslı şübhələr müəyyən edilib.

Həbib Məmmədova Cinayət Məcəlləsinin 299.1 (şahidin yalan ifadə verməsi məqsədilə onu pulla ələ alma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Ruhəngiz Kərimbəyliyə isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həbib Məmmədov özünü ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, 2021-ci ildən həkim-cərrah işləyir:

“2022-ci ildə Qırımxan Qasımov rayon Mərkəzi Xəstəxanasının acil bölməsinə daxil oldu. Xəstə acil bölmədə ilkin müayinələrdən keçdikdən sonra növbətçi həkim olduğumdan saat 16:15-də cərrahiyyə şöbəsində mənə təhvil verildi. Qırımxan Qasımov təhvil verilən zaman İV dərəcə travmatik şok vəziyyətindəydi. Bundan əlavə arterial təzyiqi 60/30 həddində idi. Arterial təzyiqin aşağı olması səbəbindən onu əməliyyat etmək mümkün deyildi, xəstəyə ilkin olaraq təzyiqinin normallaşdırılması məqsədilə tibbi müdaxilələr oldu. Pnevmatoroks üçün xəstənin sağ tərəf orta körpücük xətti ilə 3-cü qabırğa arasına drenaj yerləşdirildi. Daha sonra sol tərəf körpücükaltı venaya mərkəzi vena kateteri qoyuldu. İlkin müdaxilələrdən sonra Qırımxan Qasımovun arterial təzyiqi 75/40 həddinə qaldırılsa da, əməliyyat üçün həmin hədd yetərli olmadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Qırımxan Qasımov daha sonra stabil vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, şöbədə ona dərman və iynə ineksiya olunub. Lakin Qırımxan Qasımov ani şəkildə patoloji tənəffüsə keçib. Göstərilən yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb: “Rayon mərkəzi xəstəxanaya daxil olan zaman onun sağ tərəfində 7, 8 və 9-cu qabırğaları sınmış vəziyyətdə olub, sol bazu nahiyəsində elektrik yanığı, qarının sağ yarısında elektrik yanığı, sağ kürək nahiyəsində göyərmə və qançır, sağ göz almasında qansızma vardı. Həm yıxılması, həm də elektrik cərəyanın vurması səbəbindən Qırımxan Qasımov travmatik şok vəziyyətinə düşmüşdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin mart ayında Rəşad Abbasov və Adil Məmmədovun yaşadığı fermaya gedib: “Rəşad Abbasov məndən ərizə yazmağı xahiş etdi, bildirdi ki, həmin ərizəni Baş prokurorluğa göndərəcək. Ancaq ona pul və ya digər vasitə təklif etməmişəm. Rəşad özü hadisəyə şahid olduğunu və hadisənin fermadakı transformatorda baş verdiyini dedi. Bildirdi ki, Qırımxan Qasımov transformatorda iş görən zaman onu elektrik cərəyanı vurub. Daha sonra yıxılaraq betona dəyib. Bundan da sonra onu xəstəxanaya aparıblar. Fermada həmin gün ərizə yazılmadı”.

Həbib Məmmədov bildirib ki, 2023-cü ilin aprel ayında 60 manat dəyərində meyvə-tərəvəz və şirin içkilər alaraq dostu Raufla birgə Rəşad Abbasovun yaşadığı ünvana gedib: “Aldıqlarımızı ona verdik. Daha sonra dostu Rauf yuxarıda göstərilən məzmunda ərizə yazdı. Rəşad ərizəyə qol çəkdi. Ərizə onun öz sözləri ilə yazılmışdı.

Bir müddət sonra Rəşadla telefonla danışan zaman rayon prokurorluğuna şahid qismində çağırıldığını söylədi, bu işdə nə xeyri olacağını soruşdu. Mən isə cavabda “get şahid kimi nə görmüsənsə, onu danış, sonra səninlə necə lazımdırsa görüşəcəm, xeyrini görəcəksən” dedim. Rəşad mənimlə razılaşdı. Ağcabədi rayon prokurorluğuna şahid qismində ifadə verəcəyini bildirdi. Rəşada dediyim sözlərinin mənası o idi ki, vicdanlı bir insan kimi bir-birimizi tanıyacağıq, xeyri də məni tanımaq olacaq”.

Digər təqsirləndirilən Ruhəngiz Kərimbəyli də özünü ittiham üzrə təqsirli bilməyib.

Xocavənd Rayon Məhkəməsinin hökmü ilə Ruhəngiz Kərimbəyli və Həbib Məmmədovun hər biri 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib. Onlar 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1000 manat cərimə cəzası alıb.

Təqsirləndirilən şəxslərin hər birinin üzərinə yaşayış yeri olan evi hər gün saat 22:00-dan- 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Vəkillər müvəkkillərinin əməllərinin sübuta yetirilmədiyini əsas gətirərək, onların barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. O da təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Tərəflərin şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakim Pərviz Hacıyevin sədrliyi ilə keçrilən kollegiyada qərar elan edilib.

Qərara görə, şikayətlər təmin olunmayıb.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr