Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov (70 kq) bütün yarışlarda birinciliyi hədəfləyib.
Parataekvondoçu bu barədə "Report"a açıqlamasında bildirib.
Çinin Taiyan şəhərində keçirilmiş Prezident Kubokunda gümüş medal əldə edən idmançı yarışla bağlı təəssüratlarını bölüşüb:
"Bu, Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra özümü hazır hiss etdiyim ilk turnir idi. Çox formada idim. Hamı kimi özüm də çempionluq gözləyirdim. Bütün rəqiblərimi rahat məğlub edirdim. Yarımfinalda zədə aldım. Həkimlərin rəyi ilə finalda döyüşə bilmədim. Bu da məni əsəbiləşdirdi. Bütün turnirlərdə birinciliyi hədəfləyirəm. Hamı da məndən bunu gözləyir. İkinci yerlə qane olmuram. Qismət belə idi. Növbəti turnirlərdə ən böyük hədəfim qızıl mükafat əldə etməkdir. Bu yarış yenidən geri qayıtmaq baxımından mənim üçün önəmli idi".
Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edib.