AZ

Vətən üçün canından keçən Elməddin - FOTO

Yağı tərəfindən əsir düşən  cənnət-məkan Qarabağımızın azadlığı uğrunda başlanan müharibə meydanına Elməddin Zeynəddin oğlu İbrahimli birincilər sırasında  girib. Bu da onun Vətənini ürəkdən sevdiyindən və hər qarış torpağını özünə əziz bildiyindən irəli gəlib.  

44 günlük haqq savaşımızda yağıya qarşı son damla qanına qədər döyüşüb, müqəddəs  şəhidlik zirvəsinə ucalmaqla  21 yaşında  Azərbaycan xalqı üçün qəhrəmanlıq simvoluna  dönüb.  Bu gün Vətən  göylərində ruhu dolaşan, adı dillər əzbəri olan Elməddin İbrahimlinin şərəfli ömür yolu hər kəs üçün əsl həyat məktəbidir. Həmçinin onun layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın və Kəlbəcərin azadlığı uğrunda medalları doğmalarına yaxşı təsəllidir.

Elməddin Zeynəddin oğlu İbrahimli 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Hacıcavadlı kəndində anadan olub. El-obada tanınan, sevilən Elməddin Qarabağımızı işğal altında saxlayan dığalardan qisas almaq məqsədilə orduya gedib, Vətəninə olan oğulluq borcunu şərəflə yerinə yetirib. Mərdliyi, cəsurluğu, təmiz vicdanı ona xidmət etdiyi hərbi hissədə hamının  sevgisini qazandırıb. Təlimlər zamanı fəallığı, görüb-götürmək bacarığı döyüş meydanında yağının başını məqamında əzmək üçün olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Elməddin İbrahimlinin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı  döyüş yolu Qarabağın qaynar bölgələrdən  başlayıb. Girdiyi hər ağır ölüm-dirim savaşda yenilməz qəhrəmanlıqlar göstərib, düşmənin hərbi texnikasını, onlarla  canlı qüvvəsini məhv etməklə onların kabusuna çevrilib.  Hətta onun adı çəkiləndə erməni dığaları təlatümə  düşüb.  Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun  hər qarışında vuruşub. 16 oktyabra kimi qatıldığı döyüşlərdən yalnız zəfər sorağı gəlib. Son dəfə  Füzulidə düşmənə qan qusdurub. Vətənin yaşaması naminə sinəsini düşmən gülləsinə sipər edən   igid döyüşçü  elə  burada   əbədiyyətin ən  uca, əlçatmaz, ünyetməz zirvəsinə ucalıb.  Şərəfli ölümü ilə ürəklərdə özünə əbədi yurd-yuva quran şəhid Elməddin İbrahimli  doğma kəndində torpağa tapşırılıb.

Müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan, ölümsüzlüyə qovuşan şəhid  Elməddin İbrahimli  mənən diri qalmaqla qərinələr boyunca daim  xatırlanar. Vətən, torpaq  uğrunda can qoyanlar heç zaman ölmürlər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

Seçilən
8
hurriyyet.az

1Mənbələr