"Azərbaycanla Çin arasındakı strateji və iqtisadi yaxınlaşma gələcəkdə turizm əlaqələrinin də inkişafına səbəb olacaq".
Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsi turizm sahəsinə olduqca müsbət təsir göstərəcək:
"Ümumiyyətlə, son zamanlarda iki ölkə arasındakı münasibətlərdə inkişaf dinamikası var. Tərəflər arasındakı yaxınlaşma iqtisadi və ticari əlaqələrin, eləcə də qarşılıqlı investisiyaların yatırılmasına gətirib çıxaracaq".
Ekspert qeyd edib ki, Çin turizm xərclərinə görə dünyada birinci sıradadır:
"Çin vətəndaşlarının illik turizm xərci 255 milyard dollardan çoxdur. İl ərzində 150 milyon çinli dünya ölkələrinə səyahət edir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı ki, həmin 150 milyon çinli turistin cəmi 1 faizi belə Azərbaycana səfər etməyi bizim üçün yetərli olacaq.
Ümumiyyətlə, Bakı ilə Pekin arasındakı yaxınlaşma istənilən halda turizm sahəsinə də təsir edəcək. 2023-cü ildə Azərbaycana 23 min Çin vətəndaşı səfər edib. Lakin ötən il onların sayı 2 dəfəyə yaxın artaraq 45 min nəfərə çatıb. Düşünürəm ki, növbəti illərdə də Çindən Azərbaycana gələn turistlərin sayının artdığını müşahidə edəcəyik. Eyni zamanda, ölkəmizdən də Çinə gedənlərin sayında artım olacaq".
Ceyhun Aşurov vurğulayıb ki, turistlər qlobal olaraq səyahət edərkən daha çox əlverişli istiqamətləri seçirlər:
"Yəni, minimum prosedurların tələb edildiyi, birbaşa uçuşların və əlverişli qiymətlərin olduğu ölkələrə üz tuturlar. Məsələn, əvvəllər bizdən Çinə vizanın alınması asan deyildi. Bunun üçün təxminən 200-300 dollar xərc tələb olunurdu. Artıq bu prosedurların olmaması vətəndaşlarımızın Çinə səyahatini asanlaşdıracaq".
Pərviz