"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi Qlobal Cənub QHT-ləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verib".
APA xəbər verir ki, bunu Böyük Britaniyada fəaliyyət göstərən Avropa Diplomatiya Akademiyasının direktoru Nabil Ayad deyib.
Bakıda təşkil olunan Qlobal Cənub Platformasının təsis konfransında söyləyib.
Qlobal Cənub QHT Platformasının əhəmiyyətindən danışan Nabil Ayad bu sayədə müxtəlif ölkələrdəki qeyri-hökumət təşkilatları təmsilçilərinin qanunların qəbulu və beynəlxalq iqlim gündəliyinin formalaşdırılmasında iştirakına imkan yarandığını dilə gətirib:
"Mən Azərbaycana artıq altıncı dəfədir gəlirəm. Qeyri-hökumət təşkilatları öz dövlətlərinin maraqlarının keşiyində olan tərəflərdir. Bu təşkilatların rolları əsasən Qobal Cənub transformasiyasını təmin etməkdən ibarətdir. Azərbaycan Qlobal Cənub Transformasiyasının reallaşmasında mühüm rol oynayır. Bu regionda olan qeyri-hökumət təşkilatlarının üzləşdiyi çağırışlarla mübarizə aparmaq üçün böyük potensialımız var. Qeyri-hökumət təşkilatları marginallaşdırılmış səslərin eşidilməsi, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üçün daha effektiv tədbirlərin görülməsinə şərait yaradır. Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından ən səriştəli dövlətdir. Eyni zamanda Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi Qlobal Cənub QHT-ləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verib. Qlobal Cənub dayanıqlı inkişaf məqsədləri ilə birlikdə yaranmış boşluqları doldurmağa qadirdir. QHT-lərin potensialı yerli səviyyədə məsuliyyət hissini də özündə ehtiva edir və hədəfyönümlü addımlara imkan yaradır. Yerli qeyri-hökumət təşkilatları qlobal gündəlikləri yerli reallıqlara transformasiya edir. Qlobal Cənub QHT Platforması qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qanunların qəbulu və beynəlxalq iqlim gündəliyinin formalaşdırılmasında iştirakına imkan yaradır. Biz qarşımızdakı çağırışları və yenilənmiş öhdəlikləri olduğu kimi qəbul etməliyik".