Bu gün Qırğızıstanda “Böyük Qələbənin 80 illiyi” kolleksiya sikkəsi dövriyyəyə buraxılıb.
Hafta.az-ın yazdığına görə, Qırğızıstan Milli Bankının məlumatında deyilir ki, “Böyük Qələbənin 80 illiyi” sikkəsinin üz hissəsinin əsas mövzusu bayram atəşfəşanlığı şəklində stilizə edilmiş “80” rəqəminin təsviridir. Sikkənin yuxarı hissəsində ulduz, aşağı hissəsində isə müharibədə həlak olanlara hüzn və ehtiram rəmzi olaraq lentlə haşiyələnmiş qırmızı qərənfillər buketi təsvir olunub. Sikkənin çevrəsinin ətrafında “Uluu Zhengishke – 80 zhyl / 80 years of Great Victory” yazısı yerləşir və sikkənin nominal dəyəri 10 somdur.
Sikkənin arxa tərəfində mərkəzdə uçan göyərçinlər fonunda sülh və azadlığı simvolizə edən “2025” və “1945” rəqəmləri ilə haşiyələnmiş Qırğız Respublikasının gerbi təsvir edilib.
“Böyük Qələbənin 80 illiyi” kolleksiya sikkəsi Qırğızıstan ərazisində rəsmi ödəniş vasitəsi statusuna malikdir.
Qeyd edək ki, Qırğızıstanda mayın 8-də Qələbənin 80 illiyi münasibətilə paytaxt Bişkekin baş meydanında hərbi parad keçiriləcək.