Fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyə daxilində artan seysmik aktivlik davam edərkən, İstanbul sahillərində yaşanan 6,2 bal gücündə zəlzələ vətəndaşlarda qısamüddətli təşviş yaratdı. Mövzu ilə bağlı açıqlama verən geofizika mühəndisi, professor Övgün Ahmet Ercan zəlzələnin təsirlərinin sona çatdığını və İstanbulu hədəf alan mümkün böyük zəlzələnin ən az 20-50 il sonra ola biləcəyini bildirib.
Hafta.az-ın yazdığına görə, professor Ercan, X sosial media platformasındakı paylaşımında, "M 6.2 zəlzələsinin təsirləri bitdi. Şərqə - İstanbula doğru hərəkət dayandı. Böyük zəlzələ üçün ən az 20-50 il var" deyib. Bu açıqlama bölgədə yaşayan milyonlarla insana bir qədər rahatlıq verib.
Zəlzələdən sonra səhərə qədər titrəyişləri izlədiyini ifadə edən professor, son zəlzələnin Şimali Mərmərənin tək bir fay xətti olmadığını göstərdiyini vurğulayıb. Ercan, "Buna görə də M 7.5 – M 8.0 bal gücündə zəlzələ ilə bağlı gözləntilərin elmi cəhətdən uyğunsuz olduğu təsbit edildi. 1999-cu ildən bəri dediyim kimi, Trakya və İstanbul qollarında iki ayrı qopma var. Trakya qolunda gözlənilən ən böyük zəlzələ M 6.9 – M 7.1 bal, İstanbul qolunda isə M 6.4 – M 6.7 gücündə zəlzələ olacaq” deyə bildirib.
Professor Ercan deyib ki, Mərmərə dənizi ətrafındakı deformasiya xəritələrinə əsaslanaraq, Gəmlik, Mudanya, Bandırma, Erdek və Biga bölgələrində böyük zəlzələlər gözlənilmir. Mərmərə dənizinin həm şimalında, həm də cənubunda böyük zəlzələlərə səbəb olacaq səviyyədə heç bir gərginlik yoxdur.