BAKI, 28 aprel. TELEQRAF
"Bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır".
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciət mətnində əksini tapıb.
Bildirilib ki, Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır
"Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik. İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın, və davamlı inkişafın təşviqinə daim sadiqik.
Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.
Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik".