“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov öz rekordunu yeniləyib.
Msport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 11-ci dəfə Azərbaycan çempionluğunu qazanmaqla buna nail olub.
Onun çalışdırdığı komanda ölkə çempionatının 32-ci turunda səfərdə “Sabah”la qollu bərabərə qalıb – 1:1. Bu nəticədən sonra ağdamlılar sona 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.
Bununla “Qarabağ” ümumilikdə 12-ci, son 12 ildə isə 11-ci çempionluğunu əldə edib. Komanda son 11 çempionluğun hamısını məhz Qurban Qurbanovun rəhbərliyi altında qazanıb. Qurbanov daha əvvəl 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də “Qarabağ”ı qızıl medallara daşıyıb.
Qurbanovdan sonra ən çox çempion olan məşqçi Ağasəlim Mircavadovdur. O, 1993, 1999/2000, 2000/01, 2004/05 və 2006/07 mövsümlərində 5 dəfə qızıl medallara yiyələnib.
Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) üç dəfə komandasını çempionluğa daşıyıb.
Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə birinci yeri tutan komandanın baş məşqçisi olublar.