“Bu gün meyxana deyənlər çoxdur. Zaman-zaman onların arasından da yaxşı söz, qafiyə deyənlər çıxacaq. Hər kəs meylini meyxanaya salıb. Savadlı da, savadsız da. Elələri var, elə bilir ki, ədəbiyyatı bilməməklə meyxana demək olar. Bu yalnış fikirdir. Ədəbiyyatı, şeiriyyatı, qəzəli bilməyən insan necə meyxana deyə bilər? Ona görə hamı meyxana deyə bilər, ustad adını hər kəs qazana bilməz”
Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikəxanım Quliyeva deyib. O daha sonra əlavə edib:
“Aydının bir-iki əlyazması yarımçıq qalmışdı. Çoxunu bitirib. Kitabı çıxanda həmin yarım qalan qəzəlləri tamamladılar. Əlbəttə ki, yenə də kitab çap etmək istəyirik. Həmin kitab olacaq yoxsa yox? Bu hələ sual altındadır. Bir də Aydın əksər hallarda bədahətən deyib, çox əlyazması yoxdur. Toylarda, məclislərdə dediyi şeirləri onu məşhurlaşdırıb. Bu fitri istedad idi. O klassiklərimizin, ədiblərimizin şeirlərini əzbərdən bilirdi” deyə o bildirib.

Aydın Xırdalanlının anası oğlunun həyatı haqda film çəkilməsini də istəyib:
“10 gün bundan əvvəl Xəzər televiziyası bir veriliş çəkdi. Verilişin adı “Sözünü deyib gedənlər” idi. Bu verilişdə mərhum söz ustadları haqda çəkilişlər edirlər. Bilmirəm həmin veriliş sənədli film ola bilər yoxsa yox? Əlbəttə ki, Aydının həyatının film olmasını istərdim. Aydının təki sənəti, həyatı bu dünyada yadigar qalsın. Aydın kimi meyxanaçıların sənəti bu gün gənclərə, sənətə yeni başlayanlara bir örnəkdir. Onlar özlərindən əvvəl yaşayan meyxanaçılardan çox şey öyrənirlər. Hələ bundan sonra da öyrənəcəklər” deyə Aydın Xırdalanlının anası bildirib.