...Sabah 60 yaşım tamam olur. Bu ərəfədə bəlkə elə bu duyğu məni kəndə - doğulub-böyüdüyüm evə aparmışdı. Əslində nə o kənd var, nə o ev, nə o bağ-bağat. Orda - düşmənin dağıtdığı evimizin xarabalığında özümə için-için etiraflar etdim.
O etirafları "Ahıl uşağın etirafları" adı altında yazıya da köçürdüm. Bilmirəm, necə alınıb. Onu bilirəm ki, istədiyim kimi alınmayıb.
Şəkildə gördüyünüz mənzərə isə evimizdən geriyə qalan daş yığınıdır. Ürəyimdən asılan bir topa daş. Oxuduğum məktəbdən də heç nə qalmayıb. Əzizlərimizin uyuduğu məzarlığı da dağıdıblar. Bu məni bir daha sarsıtdı.
Elə hey bu haqda yazmaq istəyirdim, əlim gəlmirdi. Axır ad günüm bəhanə oldu, qarışıq duyğular içində nəsə bir yazı qaralamışam. Bəzi hissələrini bu gün paylaşıram. Sabahkı günün əhvalını pozmaq istəmədim (istəməzdim).
"Ahıl uşağın etirafları"ndan:
...Mən dünyanın mərkəzində doğulsaydım, xoşbəxt uşaqlıq dövrü keçirsəydim, yəqin hər şey başqa cür olardı. Bəlkə tamam başqa biri olardım.
Mən dünyanın mərkəzində doğulsaydım, məsələn, Rudolf Myossbauer, Uolter Kon, Bob Şrifer kimi Nobel laureatlarını yaxından tanıyardım, onda "Fiziklər və liriklər" kitabını yazmaq bəxtəvərliyi də Virtanın qismətinə yazılmazdı. O kitabı elə özüm yazardım.
Ancaq...
Mənim bəxtimə bir aprel günü - ikindi çağında Planetin ucqarında doğulmaq, küskün kənd idilliyasında böyümək, nəmli-qüssəli neft şəhərində yaşlanmaq düşüb.
Deyəsən, bu duyğuya təslim olub, barışmışam da.
..."İnsan təslim olmadıqca, taleyindən güclüdür".
Remarkın sözüdür bu, mənim deyil.
Yox-yox, taleyindən güclü olmaq hara, biz hara?! Biz, Tolstoyun dediyi o"taleyin məğlub etdiyi" həminbəxtsizlərik. Əyalətdə "bitib", meqapolis "cəngəlliklərində" "çiçəkləyən" hər fağır kənd uşağı kimi bizi də erkən "şaxta" vurdu, tumurcuqlarımız qınında yandı; ömrümüzün yarıkal, yarıcır "meyvə"ləri heç öz qarnımızı doyura bilmədi. O da ola kiməsə pay tutaq. Üstəlik hələ sən qanlı göz yaşında zaman-zaman "yuyunan" "karbohidrogen yarımadası"nın bir küncünə qısılıb qalmısansa...
Axı biz hamımız, dediyim kimi, "qara qızıl"ın başına yığışmışıq. Acı reallıqdır: cəmiyyətin az qala yarısı ölkənin bir ucuna cəmləşib, dirsəkləşə-dirsəkləşə yaşayır. Bax, elə biri özüm.
Mənim üzümşəhərdən kəndə tərəf idi, ancaq mən hazırlaşıb kəndə köçənə qədər kənd yerindən qopub, paytaxta sığındı. Sığındı, ancaq sığışmadı.
İndi mən odu söndürülmüş ata ocağının külü ilə oynayan ahıl uşağam.
Həm də tək mən yox.