AZ

Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Berlində azərbaycanlı gənc musiqiçilər Xədicə Cahangirovanın (piano) və Surə Rüfət Həsənlinin (skripka) konserti olub.

Hafta.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə səfirliyin əməkdaşları, alman musiqisevərlər, bir sıra ölkələrdən olan tələbələr, Azərbaycan icmasının və dost icmaların təmsilçiləri iştirak ediblər.

İstedadlı gənclərimiz tərəfindən Azərbaycanın Dövlət Himninin ifa olunması ilə başlayan gecədə dünya və Azərbaycan klassik musiqisinin inciləri səsləndirilib. Xədicə Cahangirova pianoda Bax, Bethoven, Raxmaninov və Şopenin, Surə Rüfət Həsənli isə skripkada Paqanini, Bax, Vieniavski, Debüsi və digər görkəmli bəstəkarların əsərlərini peşəkarlıqla ifa edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Gənc istedadlarımızın konsertin sonunda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı və Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”nı birlikdə ifa etmələri isə musiqili gecəyə xüsusi rəng qatıb. Gənclərimiz klassik musiqinin əzəmətini və dərinliyini özünəməxsus şəkildə və yeni bir ruhla təqdim edərək, tamaşaçılara musiqinin gücünü tam mənası ilə yaşadıblar. Musiqinin hər anının canlı sənət əsərinə çevrildiyi bu möhtəşəm gecədə Xədicə və Surə musiqi ilə yaratdıqları harmoniyada klassik musiqinin əzəmətini və insan ruhunun ən dərin hisslərini əks etdirməklə dinləyicilərin qəlbinə yol tapıblar.

Gənc istedadlarımızın hər ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, gənc istedadlar Berlindən sonra Vyanada da konsert verəcəklər. Onlar bu konsertdə də uğurla çıxış edərək Azərbaycanın musiqi irsini layiqincə təmsil etməyə çalışacaqlarını bildiriblər.

Seçilən
30
4
hafta.az

5Mənbələr