AZ

Səfirliyimizə hücum edən Yasinin edamı niyə GECİKİR? - Tehrandan CAVAB

Azərbaycanın İrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadənin edam hökmü ilə bağlı bir sıra detallar açıqlanıb.

Modern.az-ın məlumatına görə, bu barədə İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir "IRNA"ya danışıb.

Xatırladaq ki, hücum zamanı "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki ildən çox müddət boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.

Əsgər Cahangir qeyd edib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsə qarşı çıxarılan hökmün icrası üçün bütün hüquqi prosedurlar tamamlanıb və hazır vəziyyətə gətirilib.

“Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib”, - Əsgər Cahangir deyib.

O bildirib ki, səfirliyə hücum törədən şəxsə qarşı çıxarılan edam hökmünün icrası üçün bütün hazırlıqlar tamamlanıb və fərdi qərar verilib: “Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər”.

Seçilən
4
24
modern.az

10Mənbələr