Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" "Səbail" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçı şərh edib.
"Bugünkü matç bizim üçün ağır oyun oldu. Kubokdan sonra hazırlaşmağımız üçün 3 gün vaxtımız var idi. Son oyunlara 4-5 gündən bir çıxırıq deyə, dinamika baxımından aşağı səviyyədə oyun keçdi. Çempionatın sonudur, çalışacağıq ki, qarşıdakı matçlara yaxşı hazırlaşaq. Komandaya müdafiəyə çəkilmək tapşırığı verilməmişdi. Ümumilikdə, oyunçularımın göstərdiyi oyunu kiçiltmək fikrində deyiləm. Futbolçuların gücünə və iradəsinə uyğun olaraq, bu yeri tutmuşuq".
E.Baxşıyev komandanın son durumundan danışıb:
"Komandanı rəqibə yox, özümüzə uyğun hazırlamağa çalışırıq. Futbolda bu, qaçılmazdır. İndi 6 zədəli oyunçumuz var və hamısı da əsas heyət üzvüdür. Ümumi götürsək, komanda çalışır. Hər şey özümüzdən asılıdır. Oyunlar olub ki, 6-7 qol vura bilərdik. Sadəcə bitiricilikdə axsama var. Komandanın az qol vurmağı sadəcə statistikadır".
"Araz-Naxçıvan"ın çalışdırıcısı haqsızlığa məruz qaldıqlarını bildirib:
"Mən heç kimə söz atmıram, sadəcə bəzən görürəm ki, çox adam reallığı göstərmir. Mən oyunun içində olan biriyəm. Gördüyümü sizlinə bölüşməliyəm. Bizə qarşı kubok oyununda hakim haqsızlığı var idi".