BAKI, TurkicWorld
Dünyada kitab oxumağa ən çox vaxt sərf edən ölkələr açıqlanıb.
TurkicWorld xəbər verir ki, “World Population Review” və “CEO World Magazine” tərəfindən dərc edilən hesabatda ölkələrin illik adambaşına düşən kitab oxuma saatları açıqlanıb. Siyahıya ildə orta hesabla 357 saatla ABŞ liderlik edir.
İkinci yerdə Hindistan (352 saat), üçüncü yerdə isə Böyük Britaniya (343 saat) qərarlaşıb. Fransa (305 saat), İtaliya (278 saat), Rusiya (223 saat), Avstraliya (217 saat), İspaniya və Hollandiya isə (187 saat) sıralamanın ön cərgələrində yer alıb.
Türkiyə ildə 130 saat kitab oxuma ilə siyahının orta hissəsində qərarlaşır. Bu, inkişaf etmiş ölkələrlə müqayisədə daha aşağı göstəricidir. İsveçrə 157 saatla Türkiyədən irəlidə olsa da, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr ildə cəmi 60 saatlıq göstərici ilə sonlarda yer alır. Ən aşağı nəticə isə 58 saatla Əfqanıstana aiddir.
Qeyd edək ki, mütəxəssislər kitab oxuma vərdişinin sosial inkişafla sıx bağlı olduğunu vurğulayırlar. Bu vərdişin gücləndirilməsi üçün kitabxana infrastrukturunun inkişafı, ailədaxili təşviq, məktəblərdə mütaliə proqramları və media vasitəsilə maarifləndirmə əsas amillər sırasında göstərilir.