AZ

"Ticarət müharibəsinə rəğmən, Çin ABŞ-a Ay süxurlarının araşdırılmasına icazə verəcək" - BBC

"Bu nümunələr bütün bəşəriyyət üçün ümumi xəzinədir..."
 
Çin 2020-ci ildə "Çanqe-5" missiyası çərçivəsində Ayda toplanmış süxur nümunələrinin araşdırılması üçün altı ölkənin, o cümlədən ABŞ-ın alimlərinə icazə verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat verib. Məlumatı "bbc.com" nəşri yayıb.
 
Bu addım iki ölkə arasında davam edən sərt ticarət müharibəsinə baxmayaraq, elmi əməkdaşlığa doğru bir jest kimi qiymətləndirilə bilər. NASA tərəfindən maliyyələşdirilən iki Amerika qurumu - Braun Universiteti və Stoni Bruk Universiteti Ay süxurlarına çıxış əldə edəcək. CNSA rəhbəri Şan Çjonqde bildirib ki, bu nümunələr "bütün bəşəriyyət üçün ümumi xəzinələrdir".
 
2011-ci ildə qəbul olunmuş qanuna əsasən, NASA-ya Çin və ya Çin şirkətləri ilə əməkdaşlıq etmək yalnız ABŞ Konqresinin xüsusi icazəsi ilə mümkündür. Bu səbəbdən çinli tədqiqatçılar NASA-nın Ay nümunələrinə çıxış əldə edə bilmirdilər.
 
Corc Vaşinqton Universitetinin Kosmik Siyasət İnstitutunun keçmiş direktoru Con Loqsdan BBC-yə bildirib ki, kosmik texnologiyalar sahəsində ciddi məhdudiyyətlər mövcud olsa da, Ay süxurlarının araşdırılması "hərbi əhəmiyyət daşımır" və nümunə mübadiləsi "siyasətlə demək olar ki, bağlı deyil". "O, beynəlxalq elmi əməkdaşlıqdır və bu, normal bir haldır", - o, vurğulayıb.
 
Vaşinqton Çin mallarına 245 faizədək gömrük rüsumları tətbiq edib, Pekin isə Amerika məhsullarına 125 faiz rüsumla cavab verib. Bundan sonra ABŞ prezidenti Donald Tramp ticarət müharibəsinin yumşaldılması ehtimalından danışıb, lakin Pekin tərəflər arasında hər hansı bir danışıqların olduğunu təkzib edib.
 
2023-cü ildə CNSA "Çanqe-5" missiyası çərçivəsində toplanmış Ay süxurlarının araşdırılması üçün müraciət qəbul etməyə başlayıb. Loqsdanın sözlərinə görə, bu nümunələrin unikallığı ondan ibarətdir ki, onlar "Apollon" missiyaları çərçivəsində toplanmış süxurlardan təxminən bir milyard il daha cavan görünür.
 
"Bu, Ayda vulkanik fəaliyyətin əvvəl düşündüyümüzdən daha uzun davam etmiş ola biləcəyinə işarə edir", - o, bildirib. Amerikalı və çinli alimlərlə yanaşı, Fransa, Almaniya, Yaponiya, Pakistan və Böyük Britaniya tədqiqatçıları da Ay süxurlarına çıxış əldə edəcək.
 
CNSA rəhbəri bildirib ki, agentlik beynəlxalq kosmik mübadilə və əməkdaşlıq sahəsində "getdikcə daha fəal və açıq mövqe tutmağa" davam edəcək, o cümlədən "Kəmər və Yol" təşəbbüsü çərçivəsində "kosmik informasiya dəhlizinin" yaradılmasında iştirak edəcək. "İnanıram ki, Çinin kosmosdakı dostlar çevrəsi daha da genişlənəcək", -  Şan Çjonqde bildirib.
Seçilən
26
moderator.az

1Mənbələr