AZ

Avtomobillərin anidən alovlanmasının səbəbi BU İMİŞ...

Fövqəladə Hallar Nazirliyi bildirib ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Bəs avtomobillərdə yanğınlar hansı səbəbdən baş verir?

Mövzu ilə bağl Bizim.Media-ya danışan avtomobil üzrə ekspert Aslan Əsədov deyir ki, avtomobillərdə yanğının baş verməsinin əsas səbəbi elektrik naqillərindəki nasazlıqdır:

“Məlumdur ki, bəzi avtomobil sahibləri maşına əlavə qurğular quraşdırırlar. Bu da elektik xətlərini əlavə yükləyir və bir çox hallarda elektrik naqilləri də əlavə yüklənməyə tab gətirmir.

Təsəvvür edin ki, artıq səsgüncləndiricilər belə elektrik naqillərində yanğın təhlükəsi yaradır. 

Yaxşı olar ki, avtomobilə istehsal prosesində quraşdırılan avadanlıqlardan əlavə heç nə quraşdırılmasın. Bundan əlavə, bəzi sürücülərin yanacaq seçimindəki qeyri-müəyyənlikləri də yanğına səbəb olur. Sürücülər bəzi hallarda Aİ-92-ni Aİ-95-lə əvəz edirlər. Bu da avtomobilin texniki və istismar parametrlərinə uyğun gəlmir. Nəticədə xoşagəlməz hadisələr baş verir. Təbii ki, uzunmüddətli istismar da avtomobillərdə yanğına səbəb olur”. 

Ekspert qeyd edib ki, hazırda avtomobil bazarında 40 il istismar edilən maşınlar var. Belə avtomobillərin digər qurğuları kimi elektrik sistemləri də sıradan çıxır və alışmaya həssas olur:

“Avtomobilləri yuyan zaman da elektrik naqilləri zərər görə bilir. Bu da yanğına səbəb yaradır.

Yəni avtomobildə yanğının baş verməsinə səbəb yaradan amillər çoxdur. Ona görə də avtomobillə texniki istismar qaydalarına uyğun davranmaq lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
8
bizim.media

1Mənbələr