AZ

Niko Uilyams A Seriyasındakı sevimli oyunçularını açıqladı

Bilbao “Atletik”inin 22 yaşılı ispaniyalı sol cinah hücumçusu Niko Uilyams İtaliya A Seriyasında çıxış edən sevimli oyunçularını açıqlayıb.

Arena.az “Milan News” dərgisinə istinadən, Uilyamsın müvafiq açıqlamasını təqdim edir:

“Mənə Paolo Dibala və Markus Türam çox xoş gəlirlər, Rafael Leao da çox güclüdür. İtaliya – fövqəladə bir ölkədir, buradakı insanlar mənə çox yaxşı yanaşırlar. Avropa çempionatında məğlubiyyətlərinə rəğmən, mənə böyük məhəbbətlə yanaşırdılar”, deyə Niko Uilyams vurğulayıb.

Xatırladaq ki, İspaniya yığması AÇ-2024-ün final mərhələsində “B” qrupunun 2-ci tur oyununda İtaliya yığmasını 1:0 hesabı ilə məğlub etmiş, finala qədər irəliləyib tarixində dördüncü dəfə Avropa çempionu adını qazanmaqla, mütləq rekord müəyyənləşdirmişdi.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının məzunudur. Hücumçu 2021-ci ilin iyul ayından əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Niko Uilyams “Atletik” üçün 40 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 165 oyun, 31 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
12
arena.az

1Mənbələr