Cari mövsüm İngiltərə Premyer Liqasının 34-cü turundan sonra Çempionşipə yuvarlanmış “qapazaltılar”a “İpsviç Taun” da qoşulub.
Arena.az məlumat verir ki, “traktorçu oğlanlar” sözügedən turun səfər oyununda 0:3 hesablı məğlubiyyətlə aşağı liqaya düşürülüblər.
“İpsviç Taun”a qədər “Sauthempton” və “Lester Siti” Çempionşipə yuvarlanmışdılar.
“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, İngiltərə Premyer Liqasının tarixində ilk dəfə olaraq, erkən surətdə – yarışın sonuna dörd tur qalmış Çempionşipə yuvarlanmış hər üç komanda məlum olub.
34 turdan sonra İngiltərə çempionatının “qapazaltılar üçlüyü” belə sıralanıb:
- “İpsviç Taun” – 21 xal;
- “Lester Siti” – 18 xal;
- “Sauthempton” – 11 xal.
Premyer Liqaya 33 oyundan 79 xalla “Liverpul” başçılıq edir. “Qırmızılar” aprelin 27-də 34-cü tur çərçivəsində qəbul edəcəkləri “Tottenhem”i məğlub etməklə, çempionluğu bayram edə bilərlər.