AZ

Gərginlikdən strateji tərəfdaşlığa: Avropa İttifaqı ilə münasibətlərdə Yeni Reallıqlar

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri baş tutdu. Səfər çərçivəsində Kaya Kallas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla məhsuldar görüşlər keçirdi. Bu görüşlərin faydalı və produktiv olması Xarici İşlər Nazirliyində hər iki tərəfin verdiyi mətbuat açıqlamalarında da öz əksini tapdı.

Bu səfər, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdə dönüş nöqtəsi və yeni bir səhifənin açılması kimi qiymətləndirilə bilər. Xatırlatmaq lazımdır ki, son illərdə tərəflər arasında müəyyən gərginlik yaşanırdı. Bu gərginlik əsasən Avropa Parlamentinin qəbul etdiyi əsassız qətnamələr və əvvəlki Ali Nümayəndə Cozep Borrelin qərəzli açıqlamaları ilə əlaqəli idi. Lakin son hadisələr göstərir ki, Avropa İttifaqı Azərbaycanın strateji əhəmiyyətini, regiondakı rolunu və qarşılıqlı münasibətlərin önəmini qəbul edir.

Bunu NOCOMMENT.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi vurğulanmalıdır. Hal-hazırda Azərbaycan 10 Avropa ölkəsini təbii qazla təchiz edir. Eyni zamanda, Azərbaycanın Qara dəniz və Xəzər dənizi regionunda tranzit mərkəzinə çevrilməsi, Avropa ilə Uzaq Şərq arasında ticari və nəqliyyat dəhlizində əsas mövqe tutması Avropa İttifaqının diqqətindən yayınmayıb.

Digər tərəfdən, Avropa İttifaqı da Azərbaycan üçün mühüm tərəfdaş olaraq qalır. Xarici İşlər naziri Ceyhun Bayramov da çıxışında bunu xüsusi qeyd etdi. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ötən il iki tərəf arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edib. Bu rəqəmlər Azərbaycanın da Avropa İttifaqı ilə münasibətlərə verdiyi önəmin göstəricisidir.

Səfər zamanı diqqət çəkən digər mühüm məqamlardan biri də tərəflər arasında yeni hərtərəfli sazişin imzalanması istiqamətində aparılan danışıqlar oldu. Bu saziş enerji, nəqliyyat, ticarət, iqtisadiyyat və investisiyalar kimi müxtəlif sahələri əhatə edəcəkdir. İndiyə qədər müəyyən durğunluq müşahidə olunan bu danışıqların səfər nəticəsində sürətlənəcəyi və yaxın zamanda yekunlaşacağı gözlənilir.

Şübhəsiz ki, münasibətlərin gələcək inkişafında Avropa İttifaqının obyektiv və qərəzsiz mövqe nümayiş etdirməsi də xüsusi əhəmiyyət daşıyır.

 

Elnur Quliyev

Seçilən
9
nocomment.az

1Mənbələr