AZ

Yığmanın baş məşqçisi ilə yollar ayrıla bilər! – federasiya gizlinləri araşdırmaq qərarına gəldi

Futzal yığmamızın AÇ-2026-nın əsas mərhələsi çərçivəsində keçirdiyi matçlarda biabırçı nəticələrə imza atdığından, bu üzdən mübarizə apardığı qrupda sonuncu pillədə qərarlaşdığından xəbərdarsız.

İndi əsas müzakirə mövzusu baş məşqçi Vitali Borisovun taleyidi. Seçim qarşısında qalan Futzal Federasiyası yola ya daha təcrübəli mütəxəssislə davam etmək haqda düşünməli, ya da gələn ayın sonunda müqaviləsinin müddəti bitəcək çalışdırıcıya daha bir şans verməlidi.

Daha əvvəl qurumun tezliklə bu məsələnin müzakirə olunacağı iclas keçirəcəyini xəbər vermişdik. İclasda həm də yığmanın qapıçısı, legioner həyatı yaşayan yeganə üzvü olan Rövşən Hüseynlinin İsveç və Xorvatiya ilə matçlardan əvvəl intizamsızlıq səbəbindən düşərgədən kənarlaşdırılmasının müzakirə olunacağını yazmışdıq.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, hələ nə bu mövzu gündəmdədi, nə də Vitali Borisovun taleyi ilə bağlı veriləcək qərar. Federasiya konkret addım atmaq üçün mütəxəssisin müqaviləsinin başa çatacağı vaxta qədər gözləmək, düzgün qərar vermək üçün bir çox məsələni götür-qoy etmək barədə düşünür.

İş ondadı ki, mütəxəssisin fəaliyyəti haqlı olaraq federasiyanı heç cür qane etmir. Onun Xətai Bağırov, Anar İsayev, Rövşən Hüseynli kimi təcrübəli futzalçıları hansısa səbəbdən millidən kənarda saxlaması da qurum tərəfindən birmənalı qarşılanmır. Belədə duruma əhatəli yanaşmaq lazım gəlir. Odu ki, Vitali Borisov haqda yekun qərarın hansı yöndə olacağını öyrənmək üçün mayın sonuna qədər gözləməliyik.

Xatırladaq ki, yığma AÇ-2026-nın əsas mərhələsi çərçivəsində keçirdiyi 6 oyundan 2-də “sülh”ə razı olub, 4-də uduzub.

KƏNAN BAHADIR

Seçilən
10
football-plus.az

1Mənbələr