AZ

"Barselona" "Real Madrid"i məğlub edərək, İspaniya Kubokunu qazandı

BAKI. 27 aprel. TELEQRAF

Futbol üzrə İspaniya Kubokunda final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, həlledici qarşılaşmada "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.

Sevilya şəhərindəki "Estadio de La Cartuja" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.

İlk yarıda "Barsa" Pedrinin 28-ci dəqiqədə vurduğu qolla önə çıxıb. Fasilədən sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kilian Mbappe, Luka Modriç və Arda Güləri meydana buraxıb. 70-ci dəqiqədə Mbappe bərabərlik qolunu vurub. 77-ci dəqiqədə isə Gülərin künc zərbəsindən havalandırdığı topa Orelyen Çuameni başla dəqiq zərbə endirib.

Lakin Ferran Torres 84-cü dəqiqədə hesabda tarazlıq yaradıb.

90+6-cı dəqiqədə Raul Asensio ilə mübarizədə Rafinya yerə yıxılaraq, penalti qazanıb. Baş hakim Rikardo De Burqos əvvəlcə 11 metrlik cərimə zərbəsi təyin edib, lakin VAR-a baxdıqdan sonra qərarını ləğv edib və Rafinyaya sarı vərəqə göstərib.

"Barselona" qələbə topunu əlavə vaxtda vurub. 116-cı dəqiqədə Jül Kunde fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 3:2.

Beləliklə, "Barselona" 32-ci dəfə İspaniya Kubokuna sahib çıxaraq, şəxsi rekordunu yeniləyib. "Real Madrid" isə UEFA Çempionlar Liqasının ardından İspaniya Kubokunda da titul əldə edə bilməyib.

Seçilən
21
3
teleqraf.com

10Mənbələr