AZ

"Niyə Roma Papası Fransisk 12 il ərzində doğma Argentinaya getməyib?" - BBC

 
"Buna baxmayaraq, Fransisk Argentinadakı hadisələri izləyir, futbol, tanqo və mədəniyyət xəbərlərinə maraq göstərirdi..."
 
Buenos-Ayresin sabiq arxiyepiskopu Xorxe Mario Berqolyo 2013-cü ildə Vatikan konklavına yollananda, doğma şəhərini sonuncu dəfə gördüyünü bilmirdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr yazır ki, 76 yaşında olduğuna görə, analitiklər onun real namizəd olacağını gözləmirdilər. Lakin bütün dünyanı təəccübləndirərək, o, Papa seçildi və bu vəzifəni 12 il icra etdi.
 
 
Onun yaxın dostu, "La Alameda" təşkilatının rəhbəri Qustavo Vera deyir ki, Fransisk bu vəzifəni yalnız bir neçə il tutacağını düşünürdü, çünki yaşı kifayət qədər çox idi. Papa olsa da, Argentinadakı hadisələri izləyir, futbol, tanqo və mədəniyyət xəbərlərinə maraq göstərirdi. Buna baxmayaraq, 12 il ərzində bir dəfə də doğma ölkəsinə səfər etmədi.
 
Papa Fransisk Braziliya, Boliviya, Paraqvay, Çili və Latın Amerikasının digər ölkələrini ziyarət etdi, lakin Argentinadan yan keçdi. Səbəblər əsasən onun vətəni ilə mürəkkəb münasibətləri və Argentinadakı dərin siyasi qütbləşmə ilə bağlı idi.
 
 
İlk illərdə argentinlalılar öz vətəndaşlarının papa seçilməsindən qürur duyurdu. Ancaq illər keçdikcə bu sevinc məyusluğa çevrildi. "Pew Research Center"-in araşdırmasına görə, 2013-cü ildə ona müsbət yanaşanların sayı 91 faiz idisə, 2024-cü ildə bu rəqəm 64 faizə düşüb. Mənfi münasibət isə 3 faizdən 30 faizə yüksəlib. Bu dəyişiklik Latın Amerikasında ən çox məhz Argentinada hiss olunub.
 
Cəmiyyət iki yerə bölünmüşdü: bəzi mühafizəkarlar onu dini ənənələri zəiflətməkdə ittiham edirdi, digərləri isə ondan daha radikal islahatlar gözləyirdi. Fransisk isə Argentinaya səfərlə bağlı suallara həmişə qeyri-müəyyən cavablar verirdi, məsələn: "Gedərdim, amma hələ planlaşdırılmayıb. Əvvəlcə bəzi məsələlər həll olunmalıdır".
 
 
Argentinada isə bu tərəddüd anlaşılmazlıq doğururdu. Xüsusən də ölkə dərin iqtisadi böhran yaşadığı və inflyasiya 300 faizə çatdığı bir vaxtda, onun ziyarəti simvolik dəstək ola bilərdi.
 
Qustavo Veranın sözlərinə görə, Papa Fransiskin əsas narahatlığı onun səfərinin siyasi məqsədlər üçün istifadə olunması idi. O, ölkəyə yalnız milləti birləşdirəcəyinə əmin olduğu halda gəlmək istədiyini bildirirdi. Argentinada isə siyasi qütbləşmə, xüsusilə peronistlərlə onların əleyhdarları arasındakı münaqişə illərdir davam edir.
 
 
Bəziləri onu peronist olmaqda ittiham edirdi, amma Fransisk bunu inkar edib, yalnız "əgər peronizmin mənfi tərəfi yoxdursa, burada pis nə var?" deyə qeyd etmişdi. Buna baxmayaraq, sağçı siyasətçilər, o cümlədən sabiq prezident Maurisio Makri və indiki prezident Xavyer Miley ona qarşı tənqidi münasibətdə idilər. Xüsusilə Miley hələ hakimiyyətə gəlməzdən əvvəl onu "Yer üzündə şərin nümayəndəsi" adlandırmışdı.
 
Sosial şəbəkələrdə də Papa "Fransisko K", yəni Kristina Kirşnerlə (solçu keçmiş prezident) yaxınlıqda ittiham olunaraq tənqid obyektinə çevrilmişdi. Lakin Qustavo Veranın dediyinə görə, Papa Fransisk bütün siyasi spektrin nümayəndələri ilə görüşmüşdü.
 
Nəticədə, Berqolyo Argentinaya olan bağlılığını itirməmişdi, lakin artıq yalnız bir ölkəyə aid olduğunu düşünmürdü. Qustavo Vera bunu belə ifadə edir: "Argentinalılar onu yalnız öz adamları sayırdı, amma o, artıq dünyanın vətəndaşı idi".
 
Vera hesab edir ki, Papa Fransisk doğma ölkəsinə səfəri sonda həyata keçirəcəyinə ümid edirdi, sanki Argentinanı öz uzun həyat yolunun son dayanacağı hesab edirdi.
 
 
Xatırladaq ki, bu gün Romada Vatikanın Müqəddəs Pyotr meydanında böyük izdiham və dünya liderlərinin iştirakı ilə Papa Fransiskin vida mərasimi keçirilir. Onların arasında Tramp və Zelenski də var. Pontifikin cənazəsi Romadakı Santa-Mariya-Major kilsəsinə aparılacaq.
Seçilən
27
moderator.az

1Mənbələr