“Real”ın sağ cinah müdafiəçisi Daniel Karvaxal komandasının özünə gəlib qənimətlər qazanmağa cəhd etmək üçün zamanın yetişdiyi qənaətindədir.
Arena.az hazırda zədəli olan 33 yaşlı ispan futbolçunun bu barədə fikrini təqdim edir:
“İndi bizim məqamımızdır. Ayağa qalxmaq zamanıdır. Bunu, UEFA Çempionlar Liqasında olduğu kimi ağır zərbə aldıqdan sonra etmək gərəkdir. Qarşımızda ciddi tapşırıq var – ortada İspaniya çempionatı və İspaniya Kral Kubokunun finalı var. İrəli doğru addım atmağın vaxtı yetişib. Dirçəlmək və qənimətləri qazanmağa cəhd etmək gərəkdir”, deyə Karvaxal vurğulayıb.
Xatırladaq ki, Karvaxal İspaniya La Liqasının 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) ağır zədələnib və hazırda bərpası ilə məşğuldur.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.
Karavaxalın zədələndikdən sonra “Real” futbolçusuna etimadını və dəstəyini nümayiş etdirərək, cari mövsümün sonuna qədər olan müqaviləsinin müddətini 2026-ci ilin iyun ayının sonuna qədər uzadıb.
Cari mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.