“Bu gün efirlərimiz çox bərbad gündədir. Sənəti, savadı olanlar qalıb arxa planda, bayağı ifaçılar isə baş alıb gedir. Efirlər günü-gündən pis günə qalır. Ona görə də özümə qadağa qoymuşam. Bundan sonra efirlərdə ya tək olacağam, ya da heç olmayacam. Çünki mən savadda, mən səviyyədə çox az sənətkarlar var. Onlarla bir efiri bölüşsək daha məqsədəuyğun olar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib.
O daha sonra əlavə edib:
“6-8-lik mahnıların da özünün səviyyəsi var. Burada həmin mahnıların efirlərdə oxunmasından söhbət getmir. Onsuz da bunları biz hər zaman deyirik. Danışmaqla bitməyəcək, bu haqda ölçü götürmək lazımdır. Bunu da heç kim etmir. Telekanal rəhbərləri bunu fikirləşməlidirlər”.
Əməkdar artist ona qarşı olan laqeyd münasibətdən də gileylənib:
“Bu il sənət fəaliyyətimin 40 ili tamam olur. Amma nə olsun? İllərini sənətə qurban verən, uşağlığı uşaq kimi, gəncliyi gənclik kimi keçməyən bir sənətkarın haqqının tapdanması mənim üçün çox çətin və acınacaqlıdır. Bu haqda yazıb nazirliyə bildirmişəm. Hələ də gözləyirəm. Uşaqlıqdan bu günə kimi ən böyük səhnələri fəth etmişəm. Xalq artisti adına hələ illər əvvəl layiq olmalı idim, amma heç Əməkdar artist fəxri adım da yoxdur. Uzun illərdir Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistiyəm, saysız-hesabsız qastrollar, filarmoniyanın öz səhnəsində keçirilən möhtəşəm tədbirlərin çoxu mənsiz olmayıb. Amma heç bir faydası yox imiş. Mən belə görürəm ki, belə davam etsə heç də ürəkaçan olmayacaq”.
Nurlan Əzizbəyli bildirib ki, oğlu hərbi xidməti başa vuraraq evə qayıdıb:
“Oğlumun 20 yaşı tamam oldu. Həmin günü də hərbi xidmətini bitirib gəldi. Onu xoşbəxt, bəxtəvər görmək, gözəl bir peşə sahibi olması, ən əsası mənim görmək istəyib, görə bilmədiklərimi onda görmək istərdim” deyə o bildirib.