Bakıda tələbəliyimin ilk illəri “8-ci kilometr” bazarına – el arasında “Vosmoy” deyilən yerə çox yaxın yerləşən binada keçib. Hər səhər pəncərədən bazarın gurultusu eşidilirdi: satıcıların qışqır-bağırtısı, tələsik alış-veriş edən insanların səsləri, meyvə və tərəvəzlərin, ətin, balığın qoxusu. Alış-veriş zamanı tələbə üçün əsas faktor qiymət olduğuna görə həmin bazar cəlbedici görünürdü. Məhsul çeşidi bol idi və keyfiyyətə önəm vermədən istənilən qiymətə meyvə, tərəvəz, ət tapmaq mümkün idi.
Oxşar vəziyyət Bakının digər bazarlarında – “Təzə Bazar”, “Nəsimi bazarı”, “Yaşıl Bazar”, “Keşlə bazarı”nda da hökm sürürdü, bu obyektlər şəhərin can damarı, gündəlik həyatın dəyişməz parçası hesab edilirdi.
Lakin zaman keçdikcə bazarların digər üzü də görünürdü: antisanitar vəziyyət, keyfiyyətsiz və bəzən zədələnmiş meyvə-tərəvəzlər, məhsulun keyfiyyətinin qorunmaması, alver zamanı yaşanan xaotik səs-küy və ən əsası – bazarlıq üçün çox vaxt sərf etmək məcburiyyəti…
İlk illərdə bu vəziyyəti normal qarşılayırdıq, tələbəlikdən bir neçə il sonra yenidən həmin əraziyə köçəndə vəziyyət dəyişmişdi. Yaşadığım məhəllənin yaxınlığında iki “Araz market” fəaliyyətə başlamışdı. Məhsullar səliqə ilə düzülür, qiymətlər məlum və sabitdir, antisanitar vəziyyət yoxdur, daha müasir, daha etibarlı şərait yaranıb, alver isə sürətli və rahatdır. Artıq tədricən bazarlar arxa plana keçməyə başladı. Bakı dəyişirdi, həyat ritmi sürətlənirdi, tələblər artırdı. Bazar artıq cəlbediciliyini itirmişdi.
Şəbəkə marketləri niyə bazarları üstələdi…
Son illərdə Azərbaycanın ticarət sektoru dərin struktur dəyişikliklərdən keçib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bazarlardakı ticarət yerlərinin sayı nisbətən stabil qalsa da, alıcı axını əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Əhali arasında keçirilən sorğular və media müşahidələri göstərir ki, bazarlar artıq əsas alış-veriş məkanı kimi deyil, daha çox spesifik və mövsümi məhsulların satıldığı yer kimi qəbul edilir.
Həqiqətən rəsmi rəqəmlərə baxdıqda görürük ki, Azərbaycanın pərakəndə ticarət sektorunda 2010–2024-cü illər ərzində mühüm dəyişikliklər baş verib. 2000-ci illərin əvvəllərində ölkədə fəaliyyət göstərən bazar və yarmarkaların sayı 205 olduğu halda, bu rəqəm hazırda 124-ə enib. Əvəzində mağazaların sayı sürətlə artıb: 2010-cu ildə 56 min mağaza fəaliyyət göstərirdisə, 2024-cü ildə bu rəqəm 131 minə çatıb. Bu artım, mağazaların ticarət sahəsində də özünü göstərib — 3.5 dəfə artaraq 9,3 milyon kvadratmetrə yüksəlib.
Böyümənin əsas səbəblərindən biri şəbəkə marketlərinin bazara təqdim etdiyi üstünlüklərdir: daha yüksək keyfiyyət standartları, şəffaf qiymət siyasəti və geniş çeşid imkanları.
Təkcə özləri deyil, kiçik və orta sahibkarlığı da böyüdürlər
Şəbəkə marketlərinin kiçik və orta sahibkarlara təsiri də burada mühüm rol oynayır. Belə ki, şəbəkə marketləri iqtisadiyyatın təkcə iri oyunçularının deyil, kiçik və orta sahibkarların da inkişafına xidmət edir. Marketlər üçün məhsul çeşidlərinin bol olması vacib olduğundan, onlar mütəmadi olaraq yeni, yerli təchizatçılarla əməkdaşlıq edirlər. Bu da kiçik və orta biznes (KOB) üçün böyük bazar imkanı yaradır. İstehsalçı məhsulunu bir neçə mağazaya deyil, birbaşa yüzlərlə şəbəkə nöqtəsinə çıxara bilir. Bu həm dövriyyənin, həm də investisiya imkanlarının artmasına gətirib çıxarır. Beləcə, şəbəkə marketləri təkcə özlərini deyil, özləri ilə bərabər minlərlə kiçik və orta sahibkarı da böyüdür.
Əslində, şəbəkə marketləri üçün də yerli istehsalçılarla işləmək daha sərfəlidir: logistik xərclər azalır, məhsul təzə qalır və müştəri məmnuniyyəti artır. Şəbəkələr artıq çoxsaylı yerli meyvə-tərəvəz istehsalçıları, süd və ət fermaları, un məmulatı istehsalçıları ilə birbaşa əməkdaşlıq edir.
Dünyada da belədir…
Dünya təcrübəsi də göstərir ki, şəbəkə marketləri təkcə istehlakçılara rahat alış-veriş imkanı yaratmaqla kifayətlənmir, həm də kiçik və orta sahibkarlığın inkişafı üçün geniş platforma rolunu oynayır. Avropa İttifaqında pərakəndə ticarət sektoru 29 milyondan çox insana məşğulluq imkanı təmin edir və bu sahə ÜDM-in 4,5%-ni təşkil edir.
Məsələn, Almaniyada "Lidl" və "Aldi" kimi şəbəkələr təkcə böyük şəhərlərdə deyil, kiçik qəsəbələrdə də mağazalar açaraq yerli kənd təsərrüfatı istehsalçılarını öz təchizat zəncirlərinə cəlb ediblər. ABŞ-da "Walmart" 10 mindən çox yerli tədarükçü ilə əməkdaşlıq edir və 2024-cü ildə sadəcə ABŞ daxilində 1,6 milyon nəfərə iş imkanı yaratdığı bildirilir. Fransanın “Carrefour” şəbəkəsi yerli fermerlərlə müqavilə bağlayır, Böyük Britaniyada “Tesco” öz satışlarının böyük qismini yerli məhsulların hesabına təmin edir.
Eyni tendensiya Azərbaycanda da müşahidə edilməkdədir: yerli şəbəkə marketləri bölgə fermerlərinə məhsullarını satmaq üçün sabit və davamlı kanallar təqdim edir, şəhər və rayonlarda minlərlə yeni iş yeri yaradır və ərzaq təhlükəsizliyi tələblərinə uyğunluğu artırır. Qlobal təcrübənin Azərbaycanda tətbiqi ölkənin iqtisadi modernləşməsi və qeyri-neft sektorunun dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyır.
İqtisadiyyat bu cür işləyir!
Digər vacib məsələ budur ki, şəbəkə marketləri müasir iqtisadiyyatda tələb və təklif qanununun daha effektiv işləməsinə real imkan yaradır. Ənənəvi bazarlarda qiymət formalaşması çox zaman qeyri-rəsmi mexanizmlərlə və fərdi satıcıların subyektiv qərarları ilə baş verirdi, şəbəkə marketlərində qiymətlər daha şəffaf və bazar şərtlərinə uyğun tənzimlənir. Bu müəssisələrdə məhsul qiymətləri alıcı tələbatı, mövsümi dəyişikliklər, tədarük zəncirinin vəziyyəti və beynəlxalq bazar tendensiyaları əsasında daim optimallaşdırılır.
Azərbaycanda şəbəkə marketləri mövsümə uyğun kampaniyalar və qiymət endirimləri vasitəsilə alıcılara milyonlarla çox qənaət imkanı yaradıb. Bu rəqəm həm alıcıların alıcılıq qabiliyyətinə, həm də ümumi inflyasiya səviyyəsinə müsbət təsir göstərir. Belə bir mexanizm klassik tələb və təklif qanununun səmərəli işləməsinin nəticəsidir.
Üstəlik, şəbəkə marketləri müştəri tələblərini mütəmadi olaraq araşdırır və ona uyğun məhsul çeşidini yeniləyir. Əgər bir məhsula tələbat azalırsa, onu daha sərfəli qiymətə təqdim etməklə dövriyyə təmin edilir; əks halda isə yüksək tələbat olan məhsulların çeşidləri artırılır və daha əlçatan edilir.
Övladlarımız daha təhlükəsiz ərzaqlarla qidalanır…
İnsanların şəbəkə marketlərinə üz tutmasının başqa bir səbəbi təhlükəsizliklə bağlıdır. Əvvəllər bazarlarda məhsul keyfiyyətinə nəzarət demək olar ki, formal xarakter daşıyırdı. Satışa çıxarılan meyvə-tərəvəz və ərzaq məhsullarının tərkibi, saxlanma şəraiti çox zaman standartlara cavab vermirdi. Antisanitar vəziyyət, tez xarab olan malların satışa çıxarılması kimi hallar tez-tez rast gəlinirdi. Dövlət orqanlarının da bu sahədə operativ nəzarət imkanları məhdud idi və çox zaman problemlər ancaq nəticə ortaya çıxanda görünürdü.
Şəbəkə marketləri bu vəziyyəti kökündən dəyişib. Böyük marketlərdə məhsul tədarükü, saxlama və satış mərhələsində ciddi qaydalara riayət edilir. Dövlət qurumları (məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) supermarketlərdə məhsulların keyfiyyətinə mütəmadi nəzarət aparır, təhlükəli məhsullar vaxtında dövriyyədən çıxarılır. Satıcılar üçün də əlavə qaydalar tətbiq edilir və məhsulun mənşəyi şəffaf şəkildə göstərilir. Bu gün valideynlər övladlarının sağlamlığına daha arxayın ola bilir: marketdən alınan məhsulun təhlükəsizliyinə güvən daha yüksəkdir. Ərzaq təhlükəsizliyi sahəsində atılan bu addımlar cəmiyyətin sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Daha çox iş yeri, daha çox vergi
Şəbəkə marketləri son illərdə ölkədə minlərlə yeni iş yerinin yaranmasına şərait yaradıb. Bu sahə xüsusilə qadınlar və gənclər üçün həm sabit iş imkanları, həm də karyera inkişafı təklif edir.
Qabaqcıl dünya təcrübəsi də göstərir ki, şəbəkə marketləri gənclər və qadınlar üçün iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Avropa İttifaqı ölkələrində pərakəndə satış sektorunda çalışanların 60%-dən çoxunu qadınlar təşkil edir. ABŞ-da isə supermarketlər gənclərin ilk iş təcrübəsi qazandığı əsas sahələrdən biri hesab olunur. Şəbəkə marketləri həm çevik iş qrafiki, həm də karyera inkişafı imkanları təklif edərək müxtəlif yaş və sosial qruplardan olan insanlar üçün əlçatan məşğulluq şəraiti yaradır.
Azərbaycanda marketlərdə kasir, satıcı, menecer, logistika mütəxəssisi və başqa sahələrdə işə başlamaq mümkündür. Üstəlik, bir çox şəbəkələr daxili təlim proqramları vasitəsilə işçilərin bilik və bacarıqlarını inkişaf etdirir. Regional filialların açılması isə bölgələrdə işsizlik probleminin azaldılmasına mühüm töhfə verir.
Dövlət başçısı İlham Əliyev ölkənin iqtisadi inkişaf kursunda qeyri-neft sektorunun genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edib. Şəbəkə marketləri bu istiqamətə praktiki dəstək verən əsas sahələrdən biridir. Şəbəkə marketləri yalnız istehlakçılara rahat və təhlükəsiz alış-veriş imkanı təqdim etmir, həm də milli iqtisadiyyatın dayanıqlılığı üçün mühüm rol oynayır.
Vergi intizamının gücləndirilməsi, şəffaf dövriyyənin təmin olunması və geniş ticarət şəbəkəsinin qurulması baxımından bu sahədə ciddi irəliləyişə əldə edilib. Statistik göstəricilər təsdiqləyir ki, pərakəndə satış şəbəkələri hazırda qeyri-neft sektorunun aparıcı vergi ödəyiciləri sırasındadır. Dövlət büdcəsinə stabil və böyük həcmdə vəsait köçürmək imkanları sayəsində bu sektor iqtisadiyyatın diversifikasiyası istiqamətində atılan addımlara real töhfə verir.
Beləliklə, əvvəldə haqqında danışdığımız köhnə bazarlar şəhərin həyatında bir dövrü təmsil edirdi. Adını yerləşdiyi ərazidən — Bakının 8-ci kilometrliyindən alan “8-ci kilometr” bazarı nəinki paytaxt sakinləri, həm də bölgələrdən gələnlər arasında tanınan iri ticarət məkanlarından biri idi. Bura həm şəhərin müxtəlif yerlərindən, həm də ölkənin digər bölgələrindən gətirilən məhsulların satış nöqtəsi kimi ad qazanmışdı.
Amma zaman dəyişir və dəyişməlidir də. Şəbəkə marketləri şəhərin və ölkənin iqtisadi, sosial və mədəni inkişafında yeni bir mərhələnin simvoluna çevrilib. İndi alıcılar üçün təkcə ucuz məhsul tapmaq yox, həm də gigiyena, xidmət səviyyəsi, çeşid bolluğu və müasir standartlara uyğunluq lazımdır. Şəbəkə marketləri sadəcə alış-veriş məkanı olmaqdan çox, istehlakçı məmnuniyyətinin və bazar mədəniyyətinin formalaşmasına töhfə verən obyektlərdir. Kiçik və orta biznesin inkişafı, yerli istehsalçının dəstəklənməsi, gənclərin və qadınların məşğulluğu, ərzaq təhlükəsizliyi və dövlət büdcəsinə ödənişlərin artırılması kimi sahələrdə bu marketlərin rolu danılmazdır.
Vaxtilə bazarlarda yaşanan səs-küylü, aldatmalarla dolu alış-veriş günləri artıq tarixə qovuşub. İndi Azərbaycanın ticarət mədəniyyəti daha nizamlıdır. Bu dəyişikliklər sadəcə bir bazarın deyil, bütün cəmiyyətin inkişaf yolunda atdığı inamlı addımların göstəricisidir.
Ülfan İsmayılov
Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur