Rəsmi Bakı qlobal münasibətlər sistemində aparıcı rola malikdir
Azərbaycanın son beş ildə bölgədə yaratdığı reallıqlar tək Cənubi Qafqazla məhdudlaşmır - regional təhlükəsizliyin təmini yeni nizamda qlobal münasibətlərin təmərküzləşməsini də təmin edir. Xatırladaq ki, son dövrlərdə “kollektiv Qərb” daxilində yaranan çatlar xüsusilə Avropa kontingentinin diqqətini Şərqə doğru yönəldib. 2025-ci ilin əvvəlindən etibarən Avropanın şərq ölkələriylə, xüsusən də, yeni qlobal ticarət tranziti üzərində olan dövlətlərlə münasibəti fərqli “məcra” qazanır...
Cənubi Qafqazın lideri, yeni siyasi reallıqların müəllifi...
Sammitin yekun sənədində bir diqqətçəkən məqam da var: “Biz, həmçinin bu layihələrin uğurla həyata keçirilməsi üçün Cənubi Qafqazda sülh və sabitliyin vacibliyi barədə razılığa gəldik”. Bu fakt təsdiq edir ki, Qərb, xüsusilə Avropa bütün razılıqların, iqtisadi-siyasi anlaşmaların mərkəzində Cənubi Qafqazın, daha dəqiq desək regionun lider dövləti olan Azərbaycanın dayandığını etiraf edir. Son aylarda Avropa dövlətlərinin rəhbərlərinin Mərkəzi Asiyaya intensivləşən səfərləri sonrası səslənən bu fikir bir daha onu göstərir ki, Qərb bütün bu səfərlərin müsbət sonuclanması üçün başlıca yolların Azərbaycandan keçdiyini bilir və görür. Beləliklə, ilk iş Azərbaycan ilə münasibətlərə yenidən baxılmasıdır...
Bir daha təsdiq olundu ki, Azərbaycanın yürütdüyü milli maraqlara əsaslanan, müstəqil siyasət kursu ümumən Cənubi Qafqaz coğrafiyasına yeni bir sima qazandırıb. Artıq güc rıçaqlarından istifadə etməklə bölgədə “siyasi tərəzi”nin tərəfini ağırlaşdırmaq mümkün deyil - bu sırada Avropa İttifaqının adı xüsusi çəkilməlidir. Avropa Komissiyasının anti-Azərbaycan fəaliyyəti, qeyri-hüquqi müzakirələri, COP29-a qarşı aparılan kampaniya bunu deməyə əsas verir. Amma bu təzyiqlər heç bir nəticə vermədi. Ermənistanın silahlandırılmasında Avropa Sülh Fondu vasitəsilə oynanılan rol, Fransanın təhriki ilə əleyhimizə qəbul olunan qərarlar, Ermənistan ilə münasibətlərin normallaşması prosesində tutduğu mövqe quruma olan inamı və etimadı sarsıtdı - beləliklə də, Azərbaycan dövləti Aİ-ni ümumən normallaşma prosesindən kənarlaşdırdı.
Bakı yeni enerji təminatçısı kimi...
Gələcək münasibətlərin inkişaf dinamikası isə daha çox Aİ-nin gələcək mövqeyindən asılı olacaq. Hələ ilin əvvəlində bəyan edilmişdi ki, qurum ölkəmizlə səmimi münasibətlər qurmağa çalışacaqsa, ikitərəfli əməkdaşlığın beynəxalq hüquq və milli maraqlar çərçivəsində yürüdülməsinə öz töhfəsini verəcəksə, Bakının da mövqeyi adekvat olacaq. Bu ilin yanvarında yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev demişdi ki, Azərbaycana və onun milli maraqlarına münasibət necə olacaq, bizim münasibət də elə belə də qalacaq.
Beləliklə, mesaj aydındır - Azərbaycan hər zaman bildirib ki, bizim Aİ üzvü olmaq kimi hədəfimiz yoxdur. Bununla belə, müasir dünyanın çağırışları və standartları daxilində əməkdaşlıq mümkündür - hətta son proseslər göstərir ki, bu Avropa üçün zəruridir. Azərbaycan Avropanın bir neçə ölkəsinin enerji təminatında fəal iştirakçıya çevrilib - Aİ üzvü olan dövlətlərə ixrac olunan qazın həcmi isə bir neçə dəfə artıb. Aİ ilə qarşılıqlı ticarət balansı da normaldır. Belə olan halda, Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq sırf işgüzar müstəvidə tənzimlənməlidir. Aİ ölkəmizin daxili işlərinə qarışmadan, özünü regionda “hakim” statusunda görmədən ikitərəfli münasibətləri inkişaf etdirə bilər.
Azərbaycan “açar dövlət” statusunda...
Nəzərə alınmalıdır ki, artıq nəinki Avropada, bütün qlobal mühitdə “dəngələr dəyişib”. Kontingent dərk edir ki, düşdüyü bu ağır iqtisadi durumdan onları yalnız Şərq xilas edə bilər. Bu “xilas yolu”nun əsas açarlarından biri isə Azərbaycandır. Ölkəmiz ilə Çin arasında son bir neçə gündə imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycanın bölgədəki rolunu və yerini bir daha təsdiqlədi. Çünki bu Birgə Bəyanat bir çox amillərin üzərinə işıq saldı:
- Azərbaycan yeni nizamın gündəliyinin müəyyənləşməsində mühüm rola malikdir;
- Yeni ticari əlaqələr sisteminin vacib bir hissəssidir;
- Ticari tranzit xəttlərin ötürücülüyünü təmin edəcək ölkədir;
- Yeni münasibətlər sisteminin daha da irəliyə aparlıması üçün Azərbaycanın bölgədə gördüyü işin çəkisi böyükdür;
- Azərbaycan stabilləşdirici rolunu daha da genişləndirir.
Buraya həm Zəngəzur dəhilizi xəttinin perspektiv inkişafı, Qərb-Şərq əlaqələrində yeni şaxələndirmə siyasəti, bölgəsəl təhlükəsimzliyin təminatı, hətta Yaxın Şərq istiqamətində təhlükəsizlik arealının formalaşdırılmasındakı rol da daxildir.
Münasibətlərdə fərqli ştrixlər...
Qeyd olunan bu faktorlar isə Qərb dünyasında, xüsusilə Avropa kontingentində açıq şəkildə görülür və dərk olunur. Təsadüfi deyil ki, Aİ-nin yeni strukturlaşmasının ardından Azərbaycana qarşı münasibətdə fərqli ştrixlər hiss olunmağa başlayıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ilin əvvəlində Prezident İlham Əliyevə zəngi və telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması bunu deməyə əsas verir. Yeri gəlmişkən, dünən Avropanı təmsil edən iki fərqli təşkilatın - Aİ-nin və ATƏT-in rəsmi şəxsləri Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.
Minsk Qrupu ləğv edilməlidir ...
Paralel olaraq Azərbaycanın bölgədə formalaşdırdığı yeni siyasi situasiya Qərbin Cənubi Qafqaza baxışında da korrektləri tələb edir. O baxımdan ki, artıq Cənubi Qafqazda “Qarabağ münaqişəsi” adlı kataklizm mövcud deyil - bu isə onu deməyə əsas verir ki, Avropanın konkret olaraq Azərbaycana və ya ümumən bölgəyə münasibəti bu keçmiş “münaqişə” üzərindən qurulmamalıdır. Eləcə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh təşəbbüsləri ikitərəfli mahiyyət daşıyır - Qərb bu prosesdə yer almaq üçün can atmamalıdır. Bu prizmadan yanaşdıqda bir daha təsdiqlənir ki, Azərbaycan bütövlükdə, yeni münasibətlər sistemi formalaşdırıb. Məsələn, ATƏT-in tarixə qovuşmuş “Minsk qrupu”nun fəaliyyət(sizliy)i bu xüsusda önə çıxır. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan “Minsk qrupu” illər boyu yalnız məsələnin həlli ilə bağlı hər hansı qəti addımı ilə seçilməyib - hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoyaraq hüquqları pozulan azərbaycanlıları görməzdən gəlib. 44 günlük müharibə ilə başa çatan “münaqişə” həm də ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı. Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanın bir addımlığındadırlar. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar da sübut etdi ki, ikitərəfli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edərkən də keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.
P.SADAYOĞLU