AZ

Hikmət Sabiroğlunun məhkəmə ifadəsinə sözardı: ermənilər niyə peşiman ola bilmir?

Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Şuşa koloritini ictimai yaddaşımıza niskilli bir qələmlə həkk edən Hikmət SabiroğlununBakı Hərbi Məhkəməsində zərəçəkmiş kimi verdiyi ifadəni doluxsunmadan oxumaq mümkün deyil. Dünən bütün günü sadə azərbaycanlılar, qarabağlılar, şuşalılar adına erməni seperatçılarının üzünə çırpılan o ifadədəki “sizi bağışlamıram” hiddətinin arxasındakı faciələrimizi xatırladım. Axşam dəyərli həmkarım, şəhid övladı Zaur Əhməd bir məqalə yazdı. Bu yazı da məni tutdu.

Bəli, bizim- təkcə Qarabağ camaatından getmir söhbət,- bütün azərbaycanlıların erməniləri bağışlamamağa həddən çox əsasımız var. İşğaldan azad olunandan bəri dədə-baba yurduma- Laçının Qarıqışlaq kəndinə 7-8 dəfə getmişəm. O qonaq-qaralı kənddə bircə salamat qaraltı qalmayıb. Dağıdılan hər ev bir yox, bir neçə insanın, nəslin ömrü, güzəranıdır.

Ömrümüzü, günümüzü, güzəranımızı işğal etmiş ermənilər sonda nə qazandı?

Məncə, Hikmətin Xankəndidəki qondarma rejimin Ermənistandan (və təkcə Ermənistandan yox) marionet kimi idarə olunan “lider”lərinə ünvanladığı bu sual kifayət qədər sərrastdır. Qukasyanın, Saakyanın, Arutyunyanın, İşxanyanın aqibəti məlum, Bakıda mühakimə olunurlar. Bəs, İrəvandakılar? Hər gün İrəvan mediasını izləyir, Bakıda mühakimə olunanların Ermənistanda hansı arqumentlərlə müdafiə olunduğu görəndə bir daha öz-özümə deyirəm: Yox,bu zehniyyəti əsla bağışlamaq olmaz!

Qarabağda “Yallı” gedən Nikol Paşinyanın “sülh göyərçini”nə dönməsi siyasi möhtəkirlikdən başqa bir şey deyil, İkinci Qarabağ Savaşında verdiyimiz 3 min şəhidimizin qanı onun boynundadır. Erməni cəmiyyətində Nikol “Qarabağ Ermənistandır və nöqtə” dediyinə, yaxud Qarabağı müharibəsiz, sülh danışıqları çərçivində qansız-qadasız Azərbaycana qaytardığına görə ittiham olunmur, savaşı uduzduğuna, başqa bir dövlətin ərazisini daha bir müddət işğalda saxlamadığına görə suçlanır. Bu, tarixi və ictimai şüur problemlərindən az-çox baş çıxaran hər kəs üçün mühüm göstəricidir.

Məsuliyyətli və rasional düşüncə sövq edir ki, ermənilər peşiman olsun, Azərbaycandan üzr istəsin, gələcəkdə qonşuluq şəraitində yaşamaq üçün yollar arasın. Amma Ermənistan cəmiyyətində belə bir tendensiya hiss olunmur.

Halbuki, ermənilərin qarşımızda peşiman olması üçün çox səbəb var.

Əvvəla, insan faktoru nöqteyi-nəzərindən. Ermənistan gənc və passionar seqmentinin böyük bir hissəsini müharibələrdə itirib, nəticədə demoqrafik problemlərlə üzləşib, sosial parçalanmaya yuvarlanıb.

İkincisi, münaqişə Ermənistana böyük iqtisadi zərərlər vurub. Qarabağ təcavüzü nəticəsində Ermənistanın regional inteqrasiyası məhdudlaşıb və iqtisadi inkişafı əngəllənib.

Üçüncüsü, Ermənistanın təcavüzkar siyasəti beynəlxalq arenada rəsmi İrəvanı təcrid vəziyyətinə salıb. Təsadüfü deyil ki, İkinci Qarabağ Savaşında dünyanın heç bir ölkəsi Qarabağın Azərbaycan torpağı olmasını danmadı.

Dördüncüsü, yeni Qarabağ Savaşında Azərbaycanın qələbə qazanması labüd və görünən idi. Ərazi iddialarının son nəticədə həyata keçməməsi Ermənistanı strateji baxımdan qalib Azərbaycan qarşısında çarəsiz qoyur.

Beşincisi, Qarabağ münaqişəsi zəminində Azərbaycandan köçmüş ermənilər Bakı, Sumqayıt, Gəncə və digər yüksək gəlirli şəhərləri tərk etməklə həm maddi, həm də mühit baxımından çox şey itiriblər.

Seçilən
26
aznews.az

1Mənbələr