Nigeriyanın Federal Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası ABŞ-nin “Meta” şirkətinin apellyasiya şikayətini rədd edib və istehlakçı hüquqları, məlumatların qorunması, məxfilik qanunlarını pozduğuna görə quruma qarşı əvvəlki 220 milyon dollar cəriməni qüvvədə saxlayıb.
"Report" xəbər verir ki, bu barədə komissiyaya istinadən "Reuters" məlumat yayıb.
Komissiya “Meta”nı 19 iyul 2024-cü ildə şəxsi məlumatların istifadəsi qaydalarını pozduğuna görə cərimələyib. “Meta”nın ayrı-seçkiliklə məşğul olduğu və bazardakı dominant mövqeyindən sui-istifadə etdiyi də aşkarlanıb.
Nigeriyanın bir sıra dövlət qurumlarının iştirak etdiyi araşdırma 2021-ci ilin mayından 2023-cü ilin dekabrına qədər davam edib. Tənzimləyici vatsap və feysbuk sosial şəbəkələrinin alqoritmlərini və iş üsullarını öyrənib.