NATO-nun baş katibi Mark Ruttenin 2024-cü il üçün yeni hesabatından Ukraynanın NATO-ya üzvlüyü və onun Şimali Atlantika Alyansına gedən yolunun dönməzliyi ilə bağlı ifadələr çıxarılıb.
Herbiand.az bildirir ki, bu barədə “European Pravda” nəşri xəbər verib.
Nəşrin yazdığına görə, yeni sənəd 2023-cü il Vilnüs bəyannaməsinin hesabatından əhəmiyyətli dərəcədə fərqlənir. Vilnüs bəyannaməsinin mətnində belə qeyd olunmuşdu - “Ukraynanın gələcəyi NATO-dadır və Alyans Ukraynanı gələcək üzvlük yolunda dəstəkləyəcək”.
Jurnalistlər qeyd ediblər ki, Ruttenin yeni hesabatında belə bir ifadə yoxdur. Həmçinin 2024-cü ildə Vaşinqtonda keçirilən NATO sammitinin qərarı da qeyd olunmayıb. Orada deyilir ki, müttəfiqlər “Ukraynanı tam Avro-Atlantik inteqrasiya, o cümlədən NATO üzvlüyü üçün dönməz yolda dəstəkləyəcəklər”.
Bəxtiyar CƏFƏRLİ