Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Argentinanın Azərbaycandakı səfirliyi və “Qanun” nəşriyyatının təşkilatçılığı ilə argentinalı yazıçı Alexandra Laurensiçin “Ağla gəlməyən gün” adlı kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi tədbirin ölkələr arasında mədəni körpülərin qurulmasında xüsusi rol oynadığını bildirib.
"Ədəbiyyat fərqli mədəniyyətləri və insanları bir araya gətirən güclü vasitədir. Alexandra Laurensiçin bu əsəri həyatın gerçəkliklərini, ictimai və bəzən də siyasi reallıqlarını əks etdirən önəmli ədəbi-bədii nümunədir. Onun əsərinin Azərbaycan dilində işıq üzü görməsi bizi çox sevindirir", - deyə səfir diqqətə çatdırıb.
Kitabın Azərbaycan dilinə tərcüməçisi Aytən Əliyeva çıxışında əsərin emosional və bədii çalarlarından bəhs edib: “Laurensiçin dili sadə, eyni zamanda, dərin və təsirlidir. Bu əsəri tərcümə etmək həm peşəkar, həm də şəxsi mənada mənim üçün bir yolçuluq oldu. Onun yazdıqları oxucuya toxunur, düşündürür, bəzən sarsıdır”.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu çıxışında bildirib ki, “Ağla gəlməyən gün” əsərinin Azərbaycan dilinə tərcümə olunması oxuculara Argentina mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradır. O qeyd edib ki, nəşriyyat olaraq fərqli ölkələrin müasir ədəbiyyat nümunələrini Azərbaycan oxucusuna təqdim etmək məqsədilə davamlı layihələr həyata keçirilir: "Bu kitab yalnız ədəbi baxımdan deyil, həm də mədəniyyətlərarası dialoqun bir nümunəsi kimi dəyərləndirilməlidir. Alexandra Laurensiç özünəməxsus yazı tərzi ilə oxucunu düşündürür, gündəlik həyatın incəliklərinə fərqli bir baxış bucağından yanaşmağı təklif edir".
Təqdimata onlayn qoşulan yazıçı Alexandra Laurensiç əsərin Azərbaycan dilində işıq üzü görməsindən məmnunluğunu ifadə edərək deyib: "Bu mənim üçün çox xüsusi bir andır. Yazdığım hekayənin fərqli bir coğrafiyada, fərqli bir dildə də oxunması və oradakı oxucularla bağ qurması yazıçı üçün bənzərsiz bir hissdir. Mən yazarkən hər zaman insan duyğularını və gündəlik həyatın incəliklərini ələ almağa çalışıram. Görürəm ki, bu mövzular dünyanın harasında olursa-olsun, insanlara toxunur".
Daha sonra tədbir iştirakçıları müəllifə əsərlərinin yaranma tarixçəsi, yazı prosesi, ilham mənbələri, habelə personajların daxili dünyası barədə suallar ünvanlayıblar.
Qeyd edək ki, Alexandra Laurensiçin 12 hekayədən ibarət “Ağla gəlməyən gün” kitabı həyatın gerçəkliklərini, ictimai və bəzən də siyasi reallıqları əks etdirən əhəmiyyətli ədəbi-bədii nümunədir. Hekayələrdə ananın oğluna istədiyi imkanları vermək üçün qurduğu dolaşıq strategiya, qızcığazın öz nüfuzundan sui-istifadə edən azğın həkim qarşısında çarəsizliyi, anaları sağ olarkən möhkəm bağlarla bir-birinə bağlı olan övladların miras üstündə davaları, həyata fərqli gözlərlə baxan doqquz yaşlı əkiz bacıların kitab oxuyarkən özlərini göyün yeddinci qatında hiss etmələri, sosial şəbəkə aludəçisinə çevrilmiş qadının yeni doğulmuş körpəsinin taleyinə laqeydliyi, atılan böhtan və yalanın ləyaqətli ömür sürmüş bir qadının həyatını alt-üst etməsi və s. kimi məharətlə təsvir edilmiş insan duyğuları qəlbi riqqətə gətirir.