Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması səbəbindən məhkəməyə müraciət edib.
“Report” xəbər verir ki, bu barədə
Təhsil müəssisəsi ölkə rəhbərliyini “Harvardı konstitusiya hüquqlarını müdafiə etdiyinə görə cəzalandırmaq” məqsədilə qanunsuz və konstitusiyaya zidd kampaniya aparmaqda ittiham edir.
“Harvard və digər universitetlərə təklif olunmuş kompromis aydındır: ya hökumətə təhsil müəssisənizlə bağlı mikromenecmentlə məşğul olmağa icazə verin, ya da onun tibdə irəliləyişlər əldə etmək, elmi kəşflər etmək və innovativ həllər tapmaq imkanını təhlükə altına qoyun”, – nəşr bazar ertəsi Massaçusets ştatı məhkəməsinə təqdim edilmiş iddia mətnindən sitat gətirib.
Harvard 2,2 milyard dollarlıq maliyyələşdirmənin, eləcə də Tramp administrasiyasının Harvarda göndərdiyi məktublarda yer alan “qeyri-konstitusion tələbləri” səbəbindən tutulan hər hansı vəsaitin dondurulması barədə qərar çıxarmaq istəyir. Universitet əmindir ki, maliyyələşdirmədən imtina təhsil müəssisəsini öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydasını yenidən nəzərdən keçirməyə məcbur etməyə yönəlib. Universitetə görə, bu, ifadə azadlığını təmin edən konstitusiyanın birinci düzəlişinə ziddir.
“The New York Times” qəzeti qeyd edib ki, iddianın cavabdehləri kimi ABŞ təhsil naziri Linda Makmeyon, ədliyyə naziri və baş prokuror Pem Bondi, səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi və bir sıra digər məmurlar göstərilib.