AZ

Rəqəmsal vətəndaş olmaq nə deməkdir?

Yazını böyüt
Yazını kiçilt

Yəqin ki, XXI əsr yaddaşlarda texnologiyanın və rəqəmsal dünyanın inkişafı ilə iz buraxacaq. Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internet və rəqəmsal alətlər gündəlik fəaliyyətlərimizi asanlaşdırır, eyni zamanda bir çox yeni məsuliyyətlər yaradır. Bu yeni reallıq çərçivəsində “rəqəmsal vətəndaş” anlayışı ön plana çıxır. Rəqəmsal vətəndaş olmaq sadəcə internetdən istifadə etməklə kifayətlənmir, həm də bu məkanda etik, hüquqi və sosial qaydalara əməl etməyi tələb edir.

Qeyd edək ki, “rəqəmsal vətəndaş” informasiya-kommunikasiya texnologiyalarından şüurlu, məsuliyyətli və etik şəkildə istifadə edən fərddir. Belə bir şəxs internetdə və digər rəqəmsal platformalarda fəaliyyətdə olarkən həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını qoruyur, texnologiyanın cəmiyyətə olan təsirini dərk edir və müsbət rol oynayır.

Rəqəmsal vətəndaşlığın əsas istiqamətləri aşağıdakılardır:

1. Etik davranış və rəqəmsal əxlaq

Rəqəmsal əxlaq internet mühitində insanlara hörmətlə yanaşmağı, təhqirdən və zorakı davranışlardan uzaq olmağı ehtiva edir. Sosial şəbəkələrdə, forumlarda və onlayn oyunlarda qarşılıqlı hörmət və anlayış əsas prinsiplərdən biri olmalıdır.

2. Məlumat təhlükəsizliyi və məxfiliyin qorunması

Rəqəmsal vətəndaş şəxsi məlumatlarını necə qoruyacağını bilməlidir. Güclü şifrələrdən istifadə etmək, şübhəli linklərə keçməmək və şəxsi məlumatları yalnız etibarlı platformalarda paylaşmaq vacibdir. Eyni zamanda, başqalarının da məlumatlarına hörmətlə yanaşmaq rəqəmsal etik qaydaların tərkib hissəsidir.

3. Media və informasiya savadlılığı

İnternetdə yayılan məlumatların böyük bir hissəsi doğruluğu təsdiq edilməmiş və ya saxtalaşdırılmış ola bilər. Rəqəmsal vətəndaş bu informasiyaları təhlil etməyi, mənbələri yoxlamağı və düzgün informasiyanı seçməyi bacarmalıdır. Eyni zamanda, özü də yalnız dəqiq və etibarlı məlumatları paylaşmalıdır.

4. Hüquqi məsuliyyət və müəllif hüquqları

İnternetdə paylaşılan məzmunların – məqalələrin, şəkillərin, videoların müəllif hüquqları ilə qorunduğunu unutmamaq lazımdır. Rəqəmsal vətəndaş başqasının əqli mülkiyyətinə hörmətlə yanaşmalı və bu məzmunları müəllifin icazəsi olmadan istifadə etməməlidir.

5. Rəqəmsal iştirak və sosial məsuliyyət

Onlayn platformalarda ictimai məsələlərlə bağlı fikir bildirmək, faydalı təşəbbüslərdə iştirak etmək, rəqəmsal cəmiyyətin bir parçası olmaq da rəqəmsal vətəndaşlığın tərkib hissəsidir. Bu, vətəndaşların demokratiya və sosial ədalət uğrunda mübarizəyə rəqəmsal aləmdə də töhfə verməsini təmin edir.

“Rəqəmsal vətəndaşlıq” nə üçün vacibdir?

Texnologiya həyatımıza böyük imkanlar qazandırdığı kimi, yeni risklər də yaradır. Kiber zorakılıq, şəxsi məlumatların oğurlanması, saxta xəbər yayımı kimi problemlər bu sahədə şüurlu davranmağın vacibliyini göstərir. Rəqəmsal vətəndaşlıq anlayışının inkişafı bu risklərin qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, texnologiyanın düzgün istifadəsi cəmiyyətin ümumi rifahına da müsbət təsir göstərir. Təbii ki, rəqəmsal vətəndaşlığın formalaşmasında təhsil və ailənin mühüm rolü var. Mütəxəssislər hesab edirlər ki, uşaqlara və yeniyetmələrə erkən yaşlardan rəqəmsal davranış qaydaları öyrədilməlidir. Bu prosesdə məktəblərin və ailələrin rolu əvəzolunmazdır. Təhsil müəssisələrində rəqəmsal savadlılıq dərsləri keçirilməli, valideynlər isə övladlarının internetdən istifadəsinə nəzarət etməli və onlara doğru istiqamət göstərməlidir. “Rəqəmsal vətəndaşlıq” təkcə texniki bacarıqlara deyil, eyni zamanda etik, hüquqi və sosial dəyərlərə əsaslanan bir anlayışdır. Gələcəyin cəmiyyətləri rəqəmsal texnologiyalar üzərində qurulacağı üçün hər bir fərdin bu sahədə məsuliyyətli davranması vacibdir. Rəqəmsal dünyada şüurlu, məsuliyyətli və hüquqlarını bilən vətəndaşlar yetişdirmək üçün cəmiyyətin bütün təbəqələri bu istiqamətdə əməkdaşlıq etməlidir.

Azərbaycanda vəziyyət

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, bu gün “rəqəmsal vətəndaş” konsepsiyası bir çox ölkələrdə inkişaf etdirilir: “Texnologiya dövründə yaşayırıq. Satış və xidmətlərdə bir çox texnologiya həlləri var. İndi ölkəmizdə də dövlət qurumları xidmətlərini rəqəmsal müstəviyə keçirir. “Rəqəmsal Hökumət”in quruculuğu istiqamətində xeyli işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd”lər qurulur, lakin ölkəmizdə rəqəmsallaşma sahəsində çoxşaxəli işlər görülsə də, “rəqəmsal vətəndaş” barədə konsepsiya yoxdur”.

Ekspert bildirir ki, rəqəmsallığın inkişafı üçün, ilk növbədə, “Rəqəmsal savadlılıq” olmalıdır: “Sonra “Rəqəmsal bacarıqlar” əldə edilməlidir ki, “Rəqəmsal vətəndaş” və “Rəqəmsal cəmiyyət” anlayışına keçə bilək. Nəhayət, “Rəqəmsal Hökumət” varsa, “Rəqəmsal vətəndaş” da olmalıdır. Rəqəmsal transformasiyanın mərhələlərini bu formada zəncirvarı düşünə bilərik. “Rəqəmsal savadlılıq” və “Rəqəmsal bacarıqlar” bir-birindən fərqlənir. Savadlılıq məlumatəsaslıdır, bacarıq isə daha çox peşə mənimsəmə müstəvisində əldə olunur. Başqa, sözlə, insanların rəqəmsal texnologiyalardan istifadə edərək məlumatları axtarmaq, yaratmaq, paylaşmaq və qiymətləndirmək bacarığıdır. Bu bacarıqlar müasir dünyada uğur qazanmaq üçün vacibdir. “Rəqəmsal savadlılığa” malik olan insanlar rəqəmsal alətlər haqqında məlumatlı olurlar. Lakin “Rəqəmsal bacarığı” olan insanlar isə bu alətləri effektiv istifadə edərək öz öyrənmə və inkişaf proseslərini idarə edirlər. “Rəqəmsal savadlılıq” həm fərdi, həm də kollektiv səviyyədə faydalıdır. Fərdi səviyyədə rəqəmsal savadlı insanlar öz maraqlarına uyğun mühit yarada bilirlər, öz fikirlərini ifadə edirlər və digərləri ilə əlaqə qururlar. Kollektiv səviyyədə isə rəqəmsal savadlı insanlar komanda olaraq işləyirlər, müxtəlif mühazirələrə qatılır, elmi təfəkkürlərini inkişaf etdirirlər və bir çox sahələrdə problemləri həll edirlər. Rəqəmsal bacarıqların iş və təhsil sahələrində müxtəlif faydaları və üstünlükləri var. Məsələn, rəqəmsal bacarıqlara malik olan şəxslər, daha yaxşı karyera imkanlarına sahib ola bilərlər”.

E.Abbasovun fikrincə, “Rəqəmsal vətəndaş”lıq rəqəmsal inkişafın yaşandığı bu dövrdə vətəndaşların hüquqlarını və imkanlarını təmin etmək məqsədilə tətbiq edilən bir konseptdir. “Rəqəmsal vətəndaş” onun hüquqlarını və vəzifələrini həyata keçirmək üçün istifadə etdiyi elektron xidmətlərin və elektron hökumətin keyfiyyətli şəkildə istifadə edən bir şəxsin adını, həmçinin cəmiyyətin bütün sahələrində iştirakını təmin edən qabiliyyətini ifadə edir. Həmçinin bu anlayış ölkə vətəndaşlarının rəqəmsal texnologiyaların istifadəsi ilə birlikdə dövlət tərəfindən təqdim edilmiş xidmətlər və imkanlarla vətəndaşlara daha yaxşı xidmət göstərməsini təmin edilməsi məqsədilə hazırlanmış bir proqramdır. Bu anlayışın əsas məqsədi dövlət və vətəndaşlar arasında daha münbit əlaqələr yaratmaqdır. Bir cümlə ilə ifadə etsək, “Rəqəmsal vətəndaş” informasiya texnologiyalarından istifadə edərək cəmiyyətdə, həyatın bütün sahələrində özünün həyat fəaliyyətini təşkil edir və tənzimləyir.

Ekspert qeyd edir ki, “Rəqəmsal vətəndaşlığın” əsas məqsədləri informasiya əlaqəsi və elektron xidmətlər, demokratik iştirak, məlumat təhlili və s. təşkil edir. Üstünlükləri əlçatanlıq, sürətlilik, dəqiqlik, effektivlik və s.-dən ibarətdir. “Rəqəmsal vətəndaşlığın” riskləri də mövcuddur, buna gizlilik, təhlükəsizlik və digər kimi risklər daxildir.

Onun sözlərinə görə,“Rəqəmsal cəmiyyət” anlayışı XXI əsrin başlanğıcında ortaya çıxan bir konseptdir: “Bu anlayışa görə, rəqəmsal texnologiyaların inkişafı insanların həyatını dəyişdirir və cəmiyyətdə yeni bir mühit yaradır. Bu cəmiyyət informasiya texnologiyalarının geniş istifadə edildiyi bir həyat tərzi və informasiya təbliği sahəsini əhatə edir. İnternetin, smart cihazların, sosial media platformalarının cəmiyyətin həyatında böyük rol oynadığı bir dövrdür. İnsanlar internet vasitəsilə dünya çapında əlaqə qurur, məlumat əldə edə və hətta işləyə bilirlər. Smart cihazlar həyatımızın bir hissəsi halına gəlib və onları istifadə etmək həyatımızı asanlaşdırır. Sosial media platformaları, insanlara dünya ilə daha geniş bir şəkildə əlaqə yaratmağa və informasiya paylaşmağa imkan verir. Bu, insanların öz fikirlərini, düşüncələrini və həyatlarını başqalarına açmağını təmin edir. “Rəqəmsal cəmiyyət” informasiya texnologiyalarının inkişafı ilə davamlı olaraq dəyişir və inkişaf edir. Bu, insanların həyat tərzi, işləmə tərzi və əlaqələrini dəyişdirməklə birlikdə, yeni inkişafların və imkanların da yaradılmasına nail olur”.

Seçilən
71
hafta.az

1Mənbələr