AZ

Bahalaşma dövründə büdcəmizə necə qənaət edək? - Açıqlama

Bahalaşmanın sürətlə artdığı bir dövrdə ailələrin maliyyə sabitliyini qoruyub saxlaması daha da çətinləşir. Qiymətlərin davamlı yüksəldiyi şəraitdə, xüsusilə orta gəlirli ailələr üçün həm gündəlik tələbatlarını qarşılamaq, həm də gələcəyə müəyyən qədər vəsait ayırmaq ciddi maliyyə planlaması tələb edir. Artıq təkcə "neçə qazanırıq?" sualı deyil, "qazandığımızı necə xərcləyirik?" sualı daha önə çıxır.
Moderator.az-a danışan iqtisadçı eskpert Xalid Kərimli bildirib ki, statistikaya əsasən, yanvar–aprel statistikasına əsasən, bir nəfərin orta aylıq xərcləri 460 manat təşkil edir.
Onun sözlərinə görə,  51 %-dən bir qədər çoxu ərzaq məhsullarına sərf olunur.  İçkiyə 22 manat 50 qəpik Paltar və geyim əşyalarına isə vətəndaşlar adambaşına orta hesabla 61 manat xərcləyirlər. Bu rəqəmi dörd nəfərlik ailə üçün hesabladıqda, ailənin aylıq ortalama xərcləri 1840 manatdan az olmamalıdır. Azərbaycanda orta aylıq əməkhaqqına baxdıqda isə, son artımlardan sonra bu rəqəm 1084 manata çatır. Nəzərə alsaq ki, bu gəlirdən sektordan asılı olaraq 13–20 faiz arasında vergi tutulur, bir nəfərin xalis gəliri təxminən 870–940 manat arasında dəyişə bilər. Bu isə o deməkdir ki, mövcud pərakəndə ticarət dövriyyəsi və xərclər fonunda dörd nəfərlik ailənin dolanması üçün bir nəfərin işləməsi kifayət etmir. Təxminən 940 manat xalis gəliri olan bir şəxsin 1840 manatlıq ailə xərclərini ödəməsi qeyri-mümkündür. Bu səbəbdən, ailənin ən azı iki üzvü işləməlidir. Bir nəfərin bu xərcləri qarşılamaq imkanları məhduddur. Hətta minimum göstəricilərlə götürdükdə belə, dövlətin 2025-ci il üçün müəyyən etdiyi yaşayış minimumundan aşağı gəlirlə normal yaşamaq mümkün hesab edilmir. Hökumət tərəfindən müəyyən olunan yaşayış minimumu böyüklər üçün 285 manat, uşaqlar üçün isə 246 manatdır. Dörd nəfərlik — iki böyük və iki uşaqlı — ailə üçün bu rəqəm ümumilikdə 1062 manat təşkil edir”.
İqtisadçı əlavə edib ki,  rəsmi statistikada göstərilən pərakəndə ticarət dövriyyəsi yalnız qeydə alınan dövriyyəni əks etdirir:
 “Reallıqda isə faktiki dövriyyələr və xərclər daha yüksək ola bilər. Bu isə ailənin gündəlik ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlərə çəkdiyi xərclərin rəsmi rəqəmlərdən də artıq olduğunu göstərir. Söhbət burada əyləncə, toy və ya digər sosial-məişət xərclərindən getmir. Bu xərclərə yalnız gündəlik əsas ehtiyaclar — ərzaq, geyim və zəruri xidmətlər daxildir. Əgər bu tələblərə əlavə olaraq sosial öhdəliklər və gözlənilməz xərclər də ortaya çıxarsa, ailənin iqtisadi vəziyyəti daha da çətinləşə bilər”.
 
X.Kərimli vurğulayıb ki, hər bir ailənin büdcəsi olmalıdır və bu büdcə düzgün şəkildə idarə edilməlidir:
“Bu səbəbdən ailə üzvləri konsensus əsasında toplanaraq həm gəlirləri, həm də xərcləri birlikdə müzakirə etməlidirlər .Burada xərclərin idarə olunması üçün xüsusi bir metod tətbiq edilməsinə ehtiyac yoxdur. Bəzi sahələrdə qənaət yolları tapılmalı və prioritetlərə uyğun davranılmalıdır. Burada əsas problem çox zaman maliyyə savadının yoxluğu deyil, ailənin ümumi idarə olunmasında olan çətinliklərdən qaynaqlanır. Çünki maliyyə savadlılığına malik olmaq vacib olsa da, ailənin daxili razılaşması və nəfsin idarə olunması daha önəmlidir. İnsanlar kifayət qədər ağıllıdırlar. Sadəcə, ehtiyaclarla istəklərini ayırd etməyi bacarmalı, əsas və ikinci dərəcəli xərclər arasında fərq qoymalıdırlar. Banklar tərəfindən təklif olunan müxtəlif maliyyə məhsulları mövcuddur. Məsələn, məhsul (depozit) hesabları, müddətsiz depozitlər, artırıla bilən yığım hesabları kimi imkanlardan istifadə edilə bilər. Əgər vətəndaşın artıq qalan vəsaiti varsa, bu vəsait hər ay, məsələn, 100 manat səviyyəsində olsa belə, bank yatırılaraq gəlir əldəmedə bilər. Bu məqsədlə bankların təklif etdiyi yığım və depozit məhsulları diqqətlə araşdırılmalı və istifadə olunmalıdır”.
 
Mehin Mehmanqızı
 
 
 
Seçilən
0
50
moderator.az

10Mənbələr