AZ

"Mərkəzi Asiyadan olan 20 min miqrant Ukrayna müharibəsinə cəlb edilib" - Bastrıkin

 
"Nədənsə Özbəkistanda, Tacikistanda, Qırğızıstanda yaşamaq istəməyən bu gənclər indi bizim üçün döyüşür..."
 
Rusiya-Ukrayna müharibəsində döyüşənlər arasında Mərkəzi Asiya ölkələrinin, daha dəqiq desək, Rusiya pasportu almış, lakin əvvəllər Özbəkistan, Tacikistan və Qırğızıstandan olan vətəndaşlar da var.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 2025-ci ilin mayında keçirilən Sankt-Peterburq Hüquq Forumunda bəyan edib. Məlumatı "gazeta.uz" nəşri yayıb.
 
Onun sözlərinə görə, bu şəxslərin sayı artıq 20 minə çatıb və onlar birbaşa ön cəbhədə yerləşdirilib. Bastrıkin qeyd edib ki, Rusiya hərbi istintaq orqanları miqrantların yaşadığı yerlərdə reydlər keçirir", - Bastırkin deyib.
 
"Bu reydlər nəticəsində 80 min nəfər təzə pasport almış şəxs hərbi qeydiyyata alınıb. Bu şəxslərin dörddə biri, yəni 20 mini artıq döyüş bölgələrinə göndərilib. "Nədənsə Özbəkistanda, Tacikistanda, Qırğızıstanda yaşamaq istəməyən bu gənclər indi bizim üçün döyüşür", - Bastrıkin kinayəli şəkildə qeyd edib.
 
Məcburi hərbi xidmət və deportasiya təhdidləri
 
Müharibənin başlanmasından sonra Rusiya hüquq-mühafizə orqanları tərəfindən miqrantlara qarşı təzyiqlər artıb. Rəsmilər Rusiya vətəndaşlığı alan, lakin hərbi qeydiyyata durmayan miqrantları reydlərlə saxlayır, çağırış vərəqələri verir və bəzən birbaşa hərbi komissarlıqlara aparırlar. 
 
İnsan haqları təşkilatlarının məlumatına görə, belə şəxslər zorla Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilir. Əks təqdirdə, vətəndaşlıqdan məhrum ediləcəkləri və ölkələrinə deportasiya olunacaqları ilə təhdid olunur.
 
2024-cü ilin iyununda Bastrıkin açıqlayıb ki, 30 mindən çox yeni vətəndaş hərbi qeydiyyata alınıb, 10 minə yaxını isə arxa cəbhədə xəndək qazmaq və müdafiə istehkamları qurmaq üçün göndərilib.
 
Qanunvericilik dəyişiklikləri və beynəlxalq reaksiya
 
2024-cü ilin iyul ayında Dövlət Duması tərəfindən qəbul edilən və prezident Vladimir Putin tərəfindən avqustda imzalanan qanuna əsasən, xarici vətəndaşlar Rusiya pasportu aldıqdan dərhal sonra hərbi qeydiyyata durmalı olacaq. Əks halda, vətəndaşlıqdan məhrum edilə bilərlər.
 
Bu siyasətin nəticələri artıq görünməyə başlayıb. 2025-ci ilin aprelində Ukraynanın dövlət layihəsi olan "Yaşamaq istəyirəm" təşəbbüsü 1110 özbəkistanlının Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağladığını və Ukrayna ilə döyüşlərdə iştirak etdiyini açıqlayıb.
 
Onların bir çoxu artıq Rusiya pasportu alsa da, bəzi hallarda bu şəxslərin hələ də Özbəkistan vətəndaşı olduğu ehtimal edilir. Bu isə Özbəkistan hökumətinin diqqətindən yayınmayıb. Ölkənin Xarici İşlər Nazirliyi məsələyə dərhal reaksiya verərək araşdırmaya başladığını bildirib.
 
Rusiyanın təbii vətəndaşlaşdırma prosesindən keçən miqrantları hərbi xidmətə məcbur etməsi, beynəlxalq hüquq və insan hüquqları normaları baxımından ciddi suallar doğurur.
 
Siyasi təzyiq, deportasiya təhlükəsi və vətəndaşlıqdan məhrumetmə vasitəsilə miqrantları müharibəyə cəlb etmək, müasir dövrdə zorla səfərbərlik praktikasına yeni bir nümunə kimi qiymətləndirilir. Mərkəzi Asiyalı miqrantların taleyi isə həm Rusiya daxilində, həm də mənsub olduqları ölkələrdə getdikcə daha çox müzakirə mövzusuna çevrilir.
Seçilən
0
50
moderator.az

10Mənbələr