Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı iki saatdan çox davam edən telefon danışığının təfərrüatlarını təqdim ediblər. Putin bildirib ki, səmimi, konstruktiv və çox faydalı söhbət baş tutub.
Sonra qeyd olunub ki, ABŞ prezidenti hərbi əməliyyatların dayandırılması və atəşkəslə bağlı öz mövqeyini ifadə edib, buna Vladimir Putin cavab verib ki, Rusiya da Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıdır və sadəcə olaraq sülhə nail olmağın ən səmərəli yollarını müəyyənləşdirməlidirlər: “Biz ABŞ prezidenti ilə razılaşdıq ki, Rusiya Ukrayna tərəfinə gələcək mümkün sülh sazişi ilə bağlı memorandum təklif edəcək və bu memorandumda bir sıra mövqelər, məsələn, nizamlanma prinsipləri, mümkün sülh sazişinin şərtləri və sair yer alacaq”.
Kreml rəhbəri qeyd edib ki, İstanbulda tərəflər arasında birbaşa danışıqların bərpası ümumilikdə “doğru yoldayıq” deməyə əsas verir: “Təbii olaraq əsas odur ki, Rusiya və Ukrayna tərəfləri sülhə nail olmaq və hamını qane edəcək kompromislər tapmaq üçün maksimum istək nümayiş etdirirlər. Eyni zamanda qeyd etmək istərdim ki, Rusiyanın mövqeyi ümumilikdə aydındır. Bizim üçün əsas məsələ bu böhranın köklü səbəblərini aradan qaldırmaqdır”. Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Trampla söhbətini şərh edərkən ABŞ prezidentinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyini kifayət qədər neytral adlandırıb, eyni zamanda Avropa ölkələrini açıq-aşkar Ukraynayönlü mövqedə günahlandırıb: “Təbii ki, ABŞ Rusiya Federasiyası ilə Ukrayna arasında çox səmərəli vasitəçilik xidmətləri göstərib. Moskva ilə Kiyev arasında əlaqə qurulub və indi birbaşa əlaqələr həyata keçirilir”. Donald Tramp da öz növbəsində sosial şəbəkədə telefon danışığının yaxşı keçdiyini yazıb: “Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaq”. O əlavə edib ki, atəşkəs şərtləri iki tərəf arasında müzakirə olunacaq: “Söhbətin ahəngdarlığı və ruhu əla idi. Belə olmasaydı, sonra deyil, indi deyərdim. Rusiya bu fəlakətli “qan gölü” bitdikdən sonra ABŞ-la geniş ticarət etmək istəyir və mən də razıyam. Rusiya üçün böyük miqdarda iş yerləri və sərvət yaratmaq üçün böyük imkanlar var. Rusiyanın potensialı sonsuzdur”. Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Ukrayna yenidən qurularkən ölkəsi ilə ticarətdən də böyük fayda əldə edə bilər. “Rusiya və Ukrayna arasında danışıqlar dərhal başlayacaq”, - deyə Tramp Putinlə telefon danışığından sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Fransa prezidenti Emmanuel Makrona, İtaliyanın baş naziri Corciya Meloniyə, Almaniya kansleri Fridrix Mersə və Finlandiya prezidenti Aleksandr Stabbsa dərhal məlumat verdiyini bildirib. Trampın sözlərinə görə, Rusiya və Ukrayna dərhal atəşkəs və daha da önəmlisi müharibənin dayandırılması"ilə bağlı danışıqlara başlayacaq: “Roma Papasının şəxsində Vatikan danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bildirib”. Onun sözlərinə görə, Ukrayna münaqişəsi Avropanın problemi olaraq qalmalı və ABŞ müdaxilə etməməli idi: “ABŞ Ukraynada müharibənin nizamlanmasında irəliləyiş olmasa, öz rolunu Avropaya ötürəcək. Avropada yaranan vəziyyət orada qalmalı idi, lakin biz müdaxilə etdik, çünki əvvəlki administrasiya bizim bu işə qarışmalı olduğumuzu hiss edib. Nəticədə ABŞ məsələyə Avropadan daha çox cəlb edilib”. Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib ki, Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı həll planının 22 bəndindən birincisi hərtərəfli atəşkəsdir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskva Ukraynada uzunmüddətli dinc nizamlanma yollarının ciddi axtarışına köklənib, lakin onunla ultimatum dili ilə danışmaq olmaz.
Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampı Moskva yaxın vaxtlarda Ukraynada atəşkəsə getməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. AFP adı açıqlanmayan yüksəkrütbəli Ukrayna rəsmisinə istinadən yazır ki, bu çağırış Zelenski ilə Tramp arasında telefon danışığı zamanı səsləndirilib. ABŞ prezidenti Ukrayna dövlət başçısına Vladimir Putinlə danışıqlarının məzmunu barədə məlumat verib. Zelenski və Tramp 10-15 dəqiqə danışıblar. Zelenski Ukrayna qoşunlarının Rusiyanın özününkü saydığı və rəsmi olaraq öz tərkibinə qatdığı bölgələrdən çıxarılmasını bir daha istisna edib. Kreml bəyan edir ki, Ukraynaya qarşı müharibənin dayandırılmasının şərti Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərinin tamamilə Rusiyanın nəzarətinə keçməsidir. Artıq məlumdur ki, Zelenski Ukraynada müharibənin bitirilməsi barədə danışıqlar aparmaq üçün daimi genişləndirilmiş milli qrup yaratmağı tapşırıb. O, bu qərarı ötən həftəsonu İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda Ukrayna heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerovla görüşündən sonra açıqlayıb. İstanbul danışıqlarının əsas nəticəsi “1000-ə 1000” formatında hərbi əsirlərin mübadiləsinə dair razılaşma olub. Bununla yanaşı, Zelenski Donald Trampla telefon danışığından sonra bildirib ki, Ukrayna münaqişənin nizamlanması üçün Rusiya ilə memorandum imzalaya bilər: “İkitərəfli formatda müvafiq memorandum ola bilər. Bunun nəticəsində xəritə formalaşa, sonra isə iki tərəf arasında atəşkəs haqqında saziş bağlana bilər”. Zelenski əlavə edib ki, gələcək memorandumun təfərrüatları hələlik ona məlum deyil: “Əgər Rusiya tərəfi memorandum təklif edərsə, bizim tərəfimizdən müvafiq siqnalları aldıqdan sonra biz ruslardan memorandum və ya təkliflər alaraq öz baxışımızı formalaşdıra biləcəyik”. Onun sözlərinə görə, ABŞ prezidenti bildirib ki, memorandum atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracaq.
Tahir TAĞIYEV