Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.
Mətləb